Alim-dinşünas Rafiq Əliyev: "Məhərrəm ayında aşura günündən başqa digər günlərdə toy etmək olar"
17-07-2022, 12:18

İyulun 30-da Azərbaycanda Məhərrəm ayı başlanacaq. Hər il bu ərəfədə toyların keçirilib-keçirilməyəcəyi ilə bağlı müzakirələr gündəmdə olur. Ənənəyə uyğun olaraq, Məhərrəm ayında Azərbaycanda toylar keçirilmir. İki ilə yaxındır ki, ölkədə karantin rejiminin tətbiq olunduğunu nəzərə alsaq, mürəkkəb vəziyyət yaranır.

AZİNFORM.AZ xəbər verir ki, bəziləri Məhərrəm ayında toy məclisinin təşkilinin günah olduğunu hesab edirlər. Digərləri isə bunun əksini düşünürlər.

Ümumiyyətlə, Məhərrəm ayında toy etmək olarmı? Qarşıdakı dövrdə toy etmək üçün şadlıq saraylarına müraciət edənlər varmı?

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin keçmiş sədri, alim-dinşünas Rafiq Əliyev açıqlamasında bildirib ki, Məhərrəm ayında toy etmək günah deyil:

“Məhərrəm ayı əsasən şiə zonasında keçirilir. İran, Azərbaycan və Orta Asiyanın bəzi yerlərində təşkil olunur. İslam yaranandan sonra ortaya çıxan bir məsələdir. Toyun olub-olmaması ilə bağlı məsləhətlər veriblər. Toy, şadlıq mərasimlərinin keçirilməməsini bildiriblər. Lakin toy etməyin heç bir günahı yoxdur”.

 

R.Əliyev qeyd edib ki, Qurani-Kərimdə Məhərrəm ayı ilə bağlı heç bir qeyd yoxdur:

“Toy etmək, evlənmək, insan nəslini artırmaq Allahın bizə verdiyi ən böyük nemətdir. Və o böyük neməti bizim təxirə salmağımız düzgün deyil. Biz onu təxirə salsaq, daha sonra 11 ay ərzində, bəlkə, heç o toy baş tutmayacaq. Bütün bunları nəzərə alaraq, fikrimcə, Aşura günündən başqa digər günlərdə toy etmək mümkündür. Toy etmək Qurana zidd deyil. Qurani-Kərimdə Məhərrəm ayı ilə bağlı heç bir qeyd yoxdur”.

Bir neçə restoran və şadlıq evi ilə əlaqə saxlayaraq Məhərrəm ayında sifarişlərinin olub-olmadığı ilə maraqlandıq.

Onlardan bəzilərinin inzibatçıları həmin ərəfə üçün sifarişlərinin olmadığını vurğulayıb.

Bir qismində isə sifariş olsa belə, qəbul etmədiklərini bildirdilər: “İllərdir bunları qoruyub-saxlamışıq, bundan sonra da belə olacaq”.

Şadlıq saraylarının birindən isə qeyd etdilər ki, Məhərrəm ayında toy üçün çoxsaylı müraciətlər daxil olub, lakin müraciətləri qəbul etməyiblər. İnzibatçı hətta bunun ayıb olduğunu da əlavə etdi. 

oxu.az





up