“Cinsi azlıqların da haqlarını qoruyaq – Fəqət, əxlaqsızları başımıza çıxarmayaq...”
7-07-2022, 11:48

“Bunları etsək, nə İran, yaxud Səudiyyə Ərəbistanı və s. Azərbaycanda radikal “islamı” dirçəldib dövlətimizə qarşı çıxışlara bəhanə, əsas tapar, nə də Qərb bizə təzyiq edər...”
"Bu mənada Zaur Kamalın son qalmaqalının da, metrodakı “baltalı kişi”nin də xarici xüsusi xidmət orqanlarının ssenarisi əsasında meydana çıxdığı istisna olunmur..."
-FİKİR SAVAŞI...-
Bu günlərdə Bakı metrosunda əli baltalı, yaxud çəkicli birinin “özünü qadın kimi aparan, qaşını-gözünü alan oğlancıqları” hədələməsi ilə bağlı videolar yayılması təsadüfdürmü? Bu suala dəqiq cavab verməyə əlimizdə əsas yoxdur. Amma hər iki halda bu olay ölkəmiz haqda iki zərərli baxışın, nəticənin formalaşmasına şərait yaradır. Birincisi, bu hal təbii ki, İslam dinindən siyasi məqsədlər üçün bəhrələnən teokratik rejimlərin ürəyindən xəbər verir. Çünki Azərbaycanda “mavilər”, “homoseksuallar” “fahişə”lər mövzusunu qızışdırıb dini zəmində çaxnaşma yaratmaq onların çoxdankı arzusudur. Bunlardan məqsəd ilkin mərhələdə mövcud hakimiyyətə, ümumiyyətlə dövlətçiliyə təhdidlər, təzyiqlər yaratmaqla hansısa siyasi, iqtisadi hədəflərə nail olmaq, ikinci mərhələdə isə hazırkı hakimiyyəti devirmək, üçüncü mərhələdə isə ümumiyyətlə, konstitusyon quruluşu dəyişib özlərinin vassalı olacaq teokratik bir dövlət qurmaqdır...

“Baltalı adam” videosunun ölkəmiz, dövlətimiz haqda meydana çıxardığı ikinci zərərli baxış-nəticə Qərbdən, ABŞ və Avropadan belə hadisələrə reaksiyadır. Dəfələrlə demişik ki, əgər avtoritar, teokratik rejimlərə malik müsəlman sayılan dövlətlər İslamdan, Rusiya kimi avtoritar, totalitar rejimli dövlətlər milli-mənəvi və bəşəri dəyərlərdən, eləcə də milli azlıqların hüquqlarının qorunmasından öz siyasi, iqtisadi, geo-siyasi məqsədləri üçün sui-istifadə edirsə, Avropa, ABŞ da demokratik dəyərlərdən, o cümlədən insan haqları, mətbuat azadlığı, həmçinin milli, dini, cinsi azlıqların qorunmasından və s. eyni məqsədlər üçün yararlanır. Bu mənada Qərb dövlət və təşkilatlarının Azərbaycan paytaxtındakı “homoseksualları hədələyən baltalı adam” insidentinə reaksiyası təxminən belədir: “Bu dövlətdə cinsi azlıqların haqları nəinki tapdanır, onların həyatı da təhlükədədir. Odur ki, bunlara öz maraqlarımızı təmin etmək üçün təzyiqləri artırmaq gərəkdir...”

Əlbəttə, öz azadlığı uğrunda savaşan Ukraynanın, Moldovanın Avropa Birliyinə üzvlüyə namizəd kimi qəbul edilməsi, artıq qonşu Gürcüstanın ictimaiyyətinin də öz dövlətlərini bu istiqamətdə addımlar atmağa vadar etməyə çalışdığı və Azərbaycan üçün də siyasi gələcəyimiz üçün heç olmasa, AB ilə, nəhayət, Assosiasiya Sazişini imzalamaq şansının yetişdiyi bir vaxtda belə olaylar təbii ki, Rusiyanın da, İranın da ürəyincədir. Çünki hər ikisinin məqsədi Azərbaycanı mümkün qədər Avropadan, ABŞ-dan uzaqlaşdırmaqdır. Bunun da yollarından biri Qərbi Azərbaycandan(və yaxud əksinə) iyrəndirməkdir. Odur ki, belə təxribatlar hər iki ölkə tərəfindən təşkil də edilə bilər. Bu mənada “baltalı kişi”nin xarici xüsusi xidmət orqanlarının ssenarisi əsasında meydana çıxdığı istisna olunmur...

Ancaq artıq polis tərəfindən saxlanılmış həmin şəxsin bəhs edilən olayı şəxsi təşəbbüsü, yaxud xarici kəşfiyyatın təhriki ilə törətməsindən asılı olmayaraq Azərbaycanda hüquq-mühafizə, təhlükəsizlik və s. qurumları, gec olsa da, bu cür insidentlərin meydana çıxmasına şərait yaradan amil, səbəb və bəhanələri araşdırmalı və onların profilaktikası, yəni öncədən qarşısının alınmasıyla məşğul olmalıdır...

Bəs cinsi azlıqlara qarşı “baltalı adam”ların meydana çıxmasına şərait yaradan əsas subyektiv amillər hansılardır? Buna əsas səbəb belə azlıqların varlığı yox, onların qeyri-bəşəri düşüncə, əxlaq və həyat tərzinin məmləkətdə müxtəlif vasitələrlə, xüsusən telekanal və elektron media vasitəsilə təşviq və təbliğ edilməsi, bir sözlə, onlara meydan verilməsidir. Halbuki, ittifaqdakı bütün xalqlara əsasən rus əxlaq və həyat tərzinin aşılandığı sovet dövründə belə, bu cür adamlar, həmçinin qadın və kişi fahişəliylə məşğul olanlar abırına qısılıb küncdə-bucaqda, mehmanxanada-filanda yaşayır, özlərini açıq şəkildə nümayiş etdirməyə cəsarət etmir, “qədim peşə”ləri ilə çox gizli şəkildə məşğul olurdular. Həm də ona görə ki, onların əxlaqsız, qeyri-təbii yaşam tərzi əksər xalqlar, xüsusən türk, müsəlman xalqları, o cümlədən Azərbaycan xalqı, cəmiyyəti tərəfindən ciddi və kəskin ictimai qınaq hədəfi idi... Fəqət, son xüsusən 3 onillikdə postsovet məkanında olduğu kimi, ölkəmizdə də cinsi azlıqların bütün kateqoriyalarına mənsub şəxslər əməlli-başlı meydan sulayırlar. Hələ 1990-cı illərin sonundan car çəkdiyimiz kimi, Azərbaycanın televiziya, radio, mətbuat məkanında, ümumiyyətlə, şou-biznes deyilən sahədə öz geyim və davranışlarıyla fahişəliyi, homoseksuallığı, lesbiyanlığı və s. açıq təbliğ edənlərə nəinki meydan verilməməli, yeri gələndə onlara qarşı müvafiq maddələrlə cinayət işləri qaldırılmalıdır. Əgər müstəqil(!) və milli(!) dövlət doğrudan da xalqın milli, dini dəyərlərini qorumağa çalışırsa, mütləq bu məsələlərə müvafiq mövcud qanunlar, eləcə də yenidən qəbul edilə biləcək qanunlarla müdaxilə etməlidir. Təəssüf ki, bu gün bunun əksini görürük. Siyasi, iqtisadi, hərbi, elmi, tibbi sahələrdə “KQB”-korrupsiya şəbəkəsinin üzvləri başmıza çıxdığı kimi mədəniyyət, şou-biznes sahəsində də elə çox vaxt həmin korrupsionerlərin maliyyələşdirdiyi cinsi azlıq nümayəndələri və onlara dəstək verənlər at oynadır. Demək olar ki, bütün telekanal, radio və elektron nəşrlərdə, həm də qəzet və jurnallarda xalqa, uşaqlara, yeniyetmə və gənc nəslə arsızlığı, bayağılığı, fahişəliyi, zinakarlığı və hətta homoseksullara, lesbiyanlara məxsus davranışları təlqin edən “əməkdar artist”, “xalq artisti” və s. titullu aparıcı, müğənni, aktrisalar və s. yüksək səviyyədə təbliğ edilir. Və onların arsız-həyasız geyim, davranış və danışıq tərzi “qanun pozuntusu” sayılmır. Necə ki, bayağılıqda artıq həddini aşan “ARB” aparıcıı Zaur Kamalın bu günlərdə Güney Azərbaycandan olan bir sənətçini təhqiramiz şəkildə səhnədən qovması da müvafiq qurum tərəfindən “qanun pozuntusu” hesab edilmədi və dolayısıyla onun bu davranışına haqq qazandırıldı... Məgər dövlətimizin prioriteti budur?..

Yeri gəlmişkən, Zaur Kamalın güneyli qardaşımıza qarşı son hədsiz davranışının öncədən planlaşdırıldığını deməyə əlimizdə hüquqi əsas olmasa da, göz qabağındadır ki, bu insident də Tehran rejiminin əlinə oynayır. Çünki belə olaylar təbrizdəki soydaşlarımızda qeyri-iradi quzeydəkilərə qarşı soyuqluq yaradır: düşünürlər ki, bakıdakılar bizlərə təkəbbürlə, üstdən aşağı baxır...

Bu hal bir daha göstərir ki, kiçik istisnalarla, telekanal və radiolarda ciddi aparıcılara, rejissorlara, ssenaristlərə və s. yer verilmir. Çünki onlar abır-həya, milli, dini dəyərlər çərçivəsini aşmadığı üçün həmin tele və radiokanallara pul qazandırmır...

Bəli, telekanallara və onları maliyyələşdirən korrupsionerlərə Zaurlar, Xoşqədəmlər, Elgizlər, Faiqlər, Aygün Kazımovalar, Röyalar, Roza Zərgərlilər, Pərvin Abıyeva və s. kimi abır-həya, əxlaqi, milli-mənəvi, dini dəyər, sərhəd tanımayanlar para qazandırır... Odur ki, onlara maksimum şərait yaradılır və qayğı göstərilir. Ehtiyacı olan yüz minlərlə müəllim, alim, jurnalistləri demirəm, 1990-cı illərdən bəri Vətən, Qarabağ yolunda canını-qanını fəda etmiş qazilər, veteranlar dura-dura, it damlarının qiyməti də milyonlarla ölçülən Aygünlərə, Roza Zərgərlinin elə adı ilə azərbaycançılığa, türklüyə müsəlmanlığa xəyanət etmiş Corc oğluna və s. evlər hədiyyə edilir. Bu məqamlar nə qədər təmkinli, səbirli olmağa çalışsa da, bu sətirlərin müəllifini belə, hiddətləndirir. Bəs görün, belə bir ayrı-seçkilik daha yoxsul tərzdə həyat sürən vətəndaşları, eləcə də radikal dini cərəyanların təsiri altına düşmüş gəncləri nə dərəcədə qəzəbləndirir? Və bu qəzəb onları həmin “baltalı adam”ın timsalında “kişi kimi yaşayın” deməyə və bilərəkdən, ya bilməyərəkdən xarici xüsusi xidmət qurumların əlində alət olmağa vadar edir...

Bir sözlə, birdəfəlik anlamaq lazımdır ki, ölkədə on illərdir ki, “KQB-korrupsiya” şəbəkəsi tərəfindən yönləndirilən korrupsiya, rüşvətxorluq, qohumbazlıq, yerlibazlıq, süni bahalıq, maaş azlığı, monopoliya, inhisarçılıq kimi, milli, dini dəyərlərin aşağılanmasına, fahişələrin, “mavi”lərin, lesbiyanların meydan sulamasına, onların əxlaq və həyat tərzinin bütövlükdə xalqa, cəmiyyətə nüfuz etməsinə və s. şərait yaradılması da xarici və daxili düşmənlərimizin əlinə işləyir. Odur ki, müstəqil(!) və milli(!) hesab etdiyimiz dövlət gələcəkdə daha ciddi problemlərin yaranmaması üçün bu məsələdə orta, mütəvazi yol tutmalıdır. Demirik ki, bəzi ölkələrdəki kimi konsertlərə, şənliklərə, şou verilişlərinə qadağa qoyulsun, qadınlara zorla hicab geyindirilsin, kişilərə qısaqol köynək geyinmək qadağan edilsin, cinsi azlıqlar edam olunsun və s. Sadəcə, rəsmi səviyyədə milli adət-ənənələrimizə, ailə dəyərlərimizin qorunmasına sözdə, çıxışlarda yox, işdə, əməldə dəstək verilsin. Telekanal, radio və saytlarda,konsert, teatr salonlarında əxlaqsızlıqlarını çəkinmədən nümayiş etdirən fahişə, homoseksual aparıcı, müğənni, aktrisalara və s. meydan verilməsin. Bu məsələnin qanunlarla və redaksiyaların, digər qurumların daxili nizamnamələri, əxlaq kodeksləri ilə tənzimlənməsi tamamilə mümkündür...

Cinsi azlıqlara, fahişələrə ümumi münasibətə gəldikdə, digər vətəndaşlar(!) kimi, onların da haqq və hüquqlarını dövlət səviyyəsində qoruyaq, onların təqib olunmasına, onlara təzyiqlər edilməsinə imkan verməyək. Fəqət, eyni zamanda onları, yəni maviləri, lesbiyanları, əxlaqsızları, az qala, xüsusi himayə olunan, “elit” bir təbəqə səviyyəsində təşviq və təbliğ etməklə ümummilli əxlaqımızı korlamayaq, ailə institutumuzu nəhv etməyək... Bunları etməyən, etmək istəməyən dövlət, necə müstəqil(!), milli(!) adlana bilər?... Lakin bunları etsək, nə İran, Rusiya, yaxud Səudiyyə Ərəbistanı və s. Azərbaycanda radikal “islamı” dirçəldib dövlətimizə qarşı çıxışlara bəhanə, əsas tapar, nə də Qərb, ABŞ Dövlət Departamenti, Avropa Birliyi və s. bizə təzyiq edər... /moderator.az/
AZİNFORM.AZ




up