"Heç kim kəriməçiləri dəstəkləmədi" - Deputat
13-07-2022, 14:53

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
Azərbaycanda dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi üçün hansı tədbirlər görülür?

Bununla bağlı AZİNFORM.AZ-a açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, heç bir vətəndaşımız "mənim dinim, dilim, etnik mənsubiyyətim fərqlidir" düşüncəsini ağlına gətirməyib və ölkədə sağlam tolerant mühit formalaşıb:

"Azərbaycanda tarixən milli və dini vəhdət mövcud olub. Biz həmişə fərqli dili, dini fərqli etnoslara vahid Azərbaycan xalqının zənginlik göstəricisi kimi baxmışıq. Eyni zamanda vətənuğrunda haqq savaşlarımızda heç bir vətəndaşımız "mənim dinim, dilim, etnik mənsubiyyətim fərqlidir" düşüncəsini ağlına gətirməyib. Xüsusilə, prezident İlham Əliyevin hakimiyyəti dövründə milli, dini, etnik məsələ dövlət siyasətinin vacib prioritetlərindən biri olub və hər bir vətəndaşımızın öz milli xüsusiyyətlərini, adətlərini qorumasına, ümumi birliyimizə rəng və güc qatmasına xüsusi önəm verilib. Sirr deyil ki, böyük dövlətlərlə əhatələnmişik. Bölgədə maraqları olan xeyli sayda kənar qüvvələr var. Bu qüvvələr hamısı hər zaman öz maraqlarını təmin etmək üçün alət və vasitələr axtarışındadır. Milli və dini amillər də daim bu qüvvələrin maraq dairələrində olub və bu meyarlardan istifadə etmək üçün çoxsaylı cəhdlər göstərilib. Amma heç zaman heç bir qüvvə milli azlıqlar və digər dinlərin nümayəndələri olan vətəndaşlarımızdan dövlətə qarşı istifadə edə bilməyiblər, bundan sonra da bu mümkün deyil. Bunun da iki səbəbi olub.

Birincisi, ölkədə sağlam tolerant mühit formalaşıb, milli maraqlarla hüquq və azadlıqlar arasında qızıl orta tapılıb. Nəticədə bu qəbildən olan vətəndaşlara münasibətdə elə bir siyasi xətt seçilib ki, bütün milli və dini azlıqlar təbii və haqlı olaraq özlərini bu xalqın, bu toplumun ayrılmaz və qiymətli bir parçası hesab edir. Ən ucqarlarda belə milli ənənələrin qorunması, dini abidələrin mühafizəsi və bərpası birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsən nəzarətində diqqət mərkəzində saxlanılır. Torpaqlarımız işğaldan azad edilərkən o torpaqlara ilk ayaq basanlardan biri də məhz alban-udi məbədlərinin keşişləri oldu.

İkincisi, ölkədə güclü mərkəzi hakimiyyətin, o cümlədən, ölkə rəhbərliyinin ciddi sosial bazasının olması, dövlət və xalq arasında vəhdətin, həmrəyliyin mövcudluğu kənar qüvvələrin qızışdırıcı və təxribat xarakterli heç bir aktının reallaşmasına imkan verməyib. 90-cı illərdə AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində zəif və yarıtmaz idarəçilik dövründə kənar qüvvələr bu sahədə ciddi təxribatlar törətməyə, parçalanma salmağa nail oldu. Talış-Muğan kimi qondarma dövlətə şahid olduq. Lakin xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli lider bu axına son qoyaraq ölkəni milli münaqişə, qardaş qırğını və parçalanmadan xilas etdi. Xalq , ələxsus da hədəf seçilən etnik kimliklər də o bu xalqın qiymətli nümayəndələri kimi o zaman dahi liderin ətrafında bir yumruq kimi birləşərək pozucuları, təxribatçıları yerində oturtdular. Bir sözlə, Ümummilli lider həmrəyliyimizə nail oldu. Cənab İlham Əliyev isə milli vəhdətin ən yüksək nümunəsini meydana çıxardı və Vətən müharibəsində hamımız bunun şahidi olduq. Sonrakı həssas post-münaqişə dövründə isə bu sahədə ardıcıl, məqsədyönlü və uzaqgörən siyasət bu sağlam mühiti daha da gücləndirmişdir. Bu günlərdə yenidən "Kərimə" adlı saxta və əsassız bir ideologiya ortaya atıldı. Biz dövlətimizin etnik və milli sahədə siyasətinin gücünə bir daha şahid olduq. Ölkədə anti-milli qüvvələrdən başqa heç kim kəriməçiləri dəstəkləmədi. Əksinə, xalq özü bu təxribatçı ideologiyanı dövlətin müdaxiləsi olmadan elə beşiyindəcə boğdu, bu ideyanın daşıyıcıları isə sosial şəbəkələrdə məsxərə obyektinə çevrildilər". /sonxeber.az/

AZİNFORM.AZ





up