"Vətən müharibəsi Azərbaycan əsgərinin nəyə qadir olduğunu dünyaya tanıtdı"
27-06-2022, 14:03

"Bu gün Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır və bu gücün də təməlində dayanan əsas amillərdən biri heç şübhəsiz ki, hərbi qüdrətimizdir".

Bu sözləri AZİNFORM.AZ-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov söyləyib.

O bildirib ki, istənilən ölkənin hərbi qüdrəti bir çox amillərdən, o cümlədən, milli ruhlu vətənpərvər gəncliyin yetişməsindən asılıdır:

"Lakin, müasir qloballaşma, xüsusən informasiya mübadilələrinin intensivləşərək tamamilə yeni bir səviyyəyə qədəm qoyduğu şəraitdə bu tələblərə cavab verən gəncliyi yetişdirmək mürəkkəb məsələdir.

Yaxın tarixdən bəllidir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra, çətin və məşəqqətli bir dövr keçmiş, dövlətçiliyimiz məhv olmaq, xalqımız isə parçalanmaq təhlükəsini atladıb. Yalnız ümummilli lider Heydər Əliyevin proseslərə müdaxiləsi nəticəsində sabitlik və inkişaf yoluna qədəm qoyulmuş, digər istiqamətlərlə yanaşı, ordu quruculuğu prosesinə, o cümlədən, vətənpərvər, dövlət məfkurəli nəslin yetişməsinə xüsusi diqqət yetirilmişdir. Xüsusən, cənab İlham Əliyevin hakimiyyəti illərində, bu istiqamətdə səylər gücləndirilmiş, Silahlı Qüvvələrimiz kəmiyyət və keyfiyyətcə yeni bir inkişaf perioduna qədəm qoymuşdur.

Prezident İlham Əliyev eyni zamanda ölkənin siyasi müstəqilliyini möhkəmləndirməklə və tam iqtisadi suverenliyə nail olmaqla ordu quruculuğu prosesini sərbəst formada həyata keçirərək eyni zamanda ən müasir müdafiə sənayesini qura bildi. Həmçinin, məhz cənab Prezidentin özünün şəxsi nüfuzu və əlaqələri hesabına dünyanın müdafiə sənayesi nəhəngləri Azərbaycanla əməkdaşlığa razı oldular və nəticəni də 44 günlük savaşda gördük. Təbii ki, 5-ci nəsil müharibə ən müasir silah və sursatların tətbiqi baxımdan modern müdafiə sənayesinin əhəmiyyətini ortaya qoysa da, cənab İlham Əliyevin özünün dediyi kimi, əsas yük Azərbaycan əsgərinin, zabitinin çiynlərinə düşdü. O hərbçilərimiz ki, məhz cənab Prezidentin hakimiyyəti illərində, onun məqsədyönlü gənclər siyasəti və Azərbaycançılıq ideologiyasının təsiri altında milli ruhda yetişib böyümüşlər.

Beləliklə, Vətən müharibəsi ilk növbədə Azərbaycan əsgərinin nəyə qadir olduğunu dünyaya tam mənada nümayiş etdirən tarixi sınaq oldu. Azərbaycan əsgəri 30 il möhkəmlənmiş Ohanyan xəttini dəqiqələr içində keçməklə və çiynində yaralı hərbçi yoldaşı ilə Şuşanın sıldırımlarını dırmanmaqla vətəninə, dövlətinə bağlılıq, milli ruha sadiqlik nümunəsi göstərərək vətənpərvər Azərbaycan gəncinin hərb sənətinin fövqündə dayandığını nümayiş etdirdi. Bir daha aydın oldu ki, Prezident İlham Əliyevin müstəsna önəm verdiyi ideoloji xətt ölkəmiz, xalqımız və bütövlükdə bölgəmiz üçün ən doğru olan siyasətdir.

Eyni zamanda, müzəffər Ali Baş Komandanın qəti əmrinə hərfi-hərfinə əməl edərək, bir nəfər də olsun mülki insanı və mülki obyekti hədəfə almamaqla, Azərbaycan əsgəri beynəlxalq ictimaiyyətə humanitar hüquq dərsi keçdi. Dünya gördü ki, Cenevrə və Haaqa hüquqları yalnız nəzəriyyədə yox, praktikada da uğurla tətbiq edilə bilən məfhumlardır və yalnız, bu amil kifayət edir ki, Prezident İlham Əliyev böyük sərkərdə kimi dünya hərb tarixinə düşsün.

Digər tərəfdən, Silahlı Qüvvələrimiz cəmi 44 günə arxasında iri güclər durmuş Ermənistanın hərbi potensialının 80%-ni məhv edərək, erməni ordusunu diz çökdürərək, işğal və təcavüzə son qoymaqla, həm də 30 il sonra BMT Təhlükəsizlik Şurasının qətnamələrini bu təşkilatın əvəzinə icra edib dünya birliyini utancdan qurtardı.
Əlbəttə, əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində, lakin, bu sadaladığım amillərdən də aydındır ki, uğurlu hərbi güc və imkan üçün həlledici amil heç şübhəsiz ki, sərkərdə faktorudur. Etiraf edək ki, bizim Birinci Qarabağ Müharibəsi dövründə, 90-cı illərdə də dahi liderin birinci hakimiyyəti dövründə yaradılmış hərbi təhsil müəssisələri hesabına kifayət qədər peşəkar hərbi kadrlarımız var idi. Eyni zamanda xalqın döyüş ruhu da yerində idi, lakin, layiqli rəhbərin yoxluğu, dövlətçilik ənənəsindən xəbəri olmayanların hakimiyyəti zəbt etməsi 24 mindən artıq qəhraman Azərbaycan oğlunun sonda işğalla nəticələnən bir savaşda həyatını itirməsinə səbəb oldu. Təsəvvür edin, yalnız Ağdam istiqamətində 5 mindən artıq itkimiz oldu. Amma, 44 günlük savaşda məhz Ali Baş Komandan amili, Prezident İlham Əliyevin işini bilən, qətiyyətli rəhbərlik keyfiyyətləri səbəbindən ən azı 6 dəfə az itki ilə işğala qon qoyuldu. Ağdam, Kəlbəcər, Laçın kimi düşmənin 30 il ərzində möhkəmləndiyi alınmaz qalaları ermənilər döyüşsüz, təslim olaraq boşaltmağa məcbur edildi. Məhz İlham Əliyev şəxsiyyəti Azərbaycanın 44 günlük savaşdakı hərbi qələbəsinin mahiyyətinə siyasi çalar qataraq, onu hərbi-siyasi qələbəyə çevirməklə, həm zəfərimizin davamlılığını təmin etdi, həm də Azərbaycanın bölgənin yeni hərbi-siyasi gücü kimi mövqeyini gücləndirdi.

Ümumiyyətlə məlumdur ki, Azərbaycanda milli ordu quruculuğu, milli zabit kadrlarının hazırlanması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir, dünya standartlarına cavab verən hərbi qüdrətə isə cənab İlham Əliyevin ardıcıl, qətiyyətli və praqmatik addımlarının sayəsində çatmışıq. Dövlət başçısı tarixi zəfərin nəticələri ilə kifayətlənməyərək, müharibədən sonrakı ötən qısa zamanda hərbi islahatları və ordu quruculuğu prosesini sürətlə davam etdirərək, Türkiyə ordusunun modelində, lakin daha çevik və daha mütərəqqi strukturlaşma həyata keçirərək bütün tapşırıqları icra etməyə, eyni zamanda bütövlükdə regionda sülhün və sabitliyin qarantına çevrilə biləcək bir ordu formalaşdırmağa nail olmuşdur. Hərbi islahatların qısa zamanda uğurlu nəticələrinin kökündə dayanan ən vacib amillərdən biri isə, ölkədə hərbçilərə, xüsusən, şəhid ailələri və qazilərə dövlətin, şəxsən dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi diqqət və qayğısı dayanır. Xatırlayırsınızsa istər müharibənin gedişində, istər müharibədən sonra Prezident İlham Əliyev və Birinci xanım dəfələrlə hərbi hospitallarda qazilərlə, habelə, hərbi hissələrdə əsgər və zabitlərlə, o cümlədən, şəhid ailələri ilə şəxsən görüşür, onların sosial müdafiəsi, məişət problemlərini birbaşa öz diqqət və nəzarətində saxlayır. Nəticə etibarilə, bu gün hər bir hərbçi artıq əmindir ki, onun ailəsi, yaxınları dövlətə və şəxsən dövlətin rəhbərinə əmanətdir və o, rahat şəkildə bütün diqqətini şərəfli xidmətinə yönəldə bilər. Məhz bu tədbirlərin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü ordularından biri, Azərbaycan əsgəri isə heç şübhəsiz ən cəsur, ən rəşadətli hərbçilər sırasında ön cərgələrdədir və hər an müzəffər Ali Baş Komandanın əmrinə müntəzir olaraq, baş qaldıracaq istənilən təhlükəni kökündən silib atmağa hazırdır".





up