“Qurban Qurbanovun QIZIM öləndəki davranışını unutmayacağam”
12-07-2022, 11:18

“Qarabağ”ın sabiq futbolçusu Donald Gerye Polşanın “TVP Sport” nəşrinə müsahibə verib.

AZİNFORM.AZ xəbər verir ki, haitili yarımmüdafiəçi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla münasibətlərindən danışıb: “Qızım öləndən sonra çox aciz olmuşdum. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun həmin vaxtdakı davranışını unutmayacağam. O, mənə ata kimi idi. Bu günə qədər onu ruhdan saldığım üçün təəssüflənirəm. İndiki məsuliyyətim olsaydı, karyeram fərqli olardı".

O, "Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”lə ilk oyununu izlədiyini söyləyib:  “Qarabağ”dan daha çox şey gözləyirdim. Çünki bu komandanı tanıyıram və Qurban Qurbanovun mentalitetini bilirəm. Qurbanov uduzmağı bilməyən və pis oyunlardan həzz almayan biridir. “Lex” üçün 1:0 cüzi üstünlükdür. Düşünürəm ki, “Qarabağ” daha irəli gedəcək. Qurban Qurbanov futbolçunu döyüşçüyə çevirə bilən təffəkkürdə adamdır. Heç kim onun kimi motivasiya etməyi bacarmır".

33 yaşlı oyunçunun sözlərinə görə, Qurban Qurbanov “Qarabağ”, “Qarabağ” da Qurban Qurbanovdur: "Orada hamı ona qulaq asır. O, xırda imkanlarla güclü komanda yaratdı. Uğurları var, ancaq yenə də komanda uğura acdır. Onun necə peşəkar olduğunu görmüşəm. Qurbanov Azərbaycandan kənardan çoxlu təklifləri olsa da, heç vaxt getmək istəmədi. O, Azərbaycanı, Qarabağı təmsil etməkdən qürur duyur. Onun sözü müqəddəsdir. Onun sayəsində “Qarabağ” hər zaman daha çox şeyə nail olmaq istəyir. Hamı ona hörmət edir. Hətta Qurbanova Tanrı kimi yanaşırlar. Orada oynadığım 4 ildə başa düşdüm ki, bu klubun matçları və nəticələr çox önəmlidir. Qurbanov həmişə deyirdi ki, biz təkcə özümüz, azarkeşlər üçün deyil, döyüş bölgəsində olan insanlar üçün oynayırıq”.

AZİNFORM.AZ





up