Azərbaycanlılar Zəngəzura qayıdır: 402 ailə... - VİDEO
7-06-2022, 10:46

Əllərində Ermənistanda doğulduqlarını sübut edən köhnə SSRİ pasportu, evlərinin çıxarışları və digər sənədləri olanlar öz yurdlarında yaşamaq hüquqlarının əllərindən alındığını düşünür. 

AZİNFORM.AZ xəbər verir ki, həmin insanlardan bəziləri beynəlxalq təşkilatlara müraciət ediblər ki, doğma torpaqlarındakı mülkiyyət hüquqları bərpa edilsin. 

Bəs qərbi azərbaycanlılar əllərindəki sənədlərlə hansı hüquqlarını və necə bərpa edə bilərlər? 

İctimai kanalın efirində sözügedən məsələyə aydınlıq gətirilib. Ermənistanda doğulduğuna dair şəhadətnamə, evlərin çıxarışları, əmlakların olduğunu sübut edən sənədlər azərbaycanlıların həmin yerin sakini olduğunu sübut edən əsas faktdır. Verilən pasportlar 1988-1991-ci illərdə azərbaycanlıların Ermənistandan qovulduğuna, bu torpaqlarda yaşadığına dair sübutdur. Mövzu ilə bağlı danışan millət vəkili Əziz Ələkbərli bildirib ki, həmin vətəndaşlara həmin dövrdə dəymiş ziyanı beynəlxalq məhkəmələrə qaldırmaq üçün sənədlər çox tutarlı faktlardır: 

"20-30 il sonra ermənilər sübut etməyə çalışacaqlar ki, həmin ərazidə ümumiyyətlə, 5-10 azərbaycanlıdan başqa heç kim yaşamayıb. Həmin ərazilər guya erməni torpaqlarıdır. 100 illərdir ki, ermənilər bu siyasəti yeridirlər". 

Bildirilir ki, 1990-cı illərdə Azərbaycanda Sovet pasportları şəxsiyyət vəsiqələriylə əvəzlənəndə, Ermənistanda verilən SSRİ pasportları Daxili İşlər Nazirliyi tərəfindən yığılıb. Onların sonrakı aqibəti barədə hansısa məlumat verilməyib. Azərbaycanın müxtəlif yerlərində, Xankəndi, Xocalı, hətta Bakıda yaşayan ermənilər var. Onları heç kim Azərbaycandan qovmur, əksinə, təhlükəsiz yaşamaq hüququ verib. Ermənistanda yaşamış azərbaycanlılar da öz torpaqlarına qayıtmaq istəyirlərlər. Ötən il Qərbi Zəngəzurun Nüvədi kənd sakinləri öz yurdlarına qayıtmaq, yaşamaq üçün beynəlxalq təşkilatlara müraciət ediblər. 402 ailə bu sənədə imza atıb. Zəngəzurun Nüvədi kənd sakini, professor Əmir Əliyev keçən il may ayında Avropa Şurası, BMT-nin müvafiq strukturlarına, ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət etdiklərini açıqlayıb:

 "91-ci ildə dədə-baba torpaqlarımızdan qanunsuz olaraq çıxarılmışıq, yəni deportasiya edilmişik. 1951-ci ildə qəbul olunan Qaçqınların Statusu Haqqında Konvensiya bizə əsas verir ki, öz tarixi torpaqlarımıza qayıdaq. Müraciətlərin bəzilərinə cavab verilib, amma nəticə yoxdur. Həmçinin müraciətdə dəymiş ziyanın ödənilməsilə bağlı məsələ də var". 

Avropa Şurası məsələnin baxılması üçün göndərildiyini deyib. Avropa İnsan Hüquqları Məhkəməsi bu məsələdə gözləmə mövqeyindədir. Hüquqşünas Fərhad Mehdiyev bildirib ki, bir insanın bir yerdə evi varsa, yüz il keçsə belə, onun varisləri həmin ev üzərində mülkiyyət hüququnu iddia edə bilərlər. Ermənistan ancaq ədalətli konpensasiya ödəməklə mülkiyyətdən məhrum edə bilər. 



AZİNFORM.AZ



up