Məhkəmədə şahidlə bağlı maraqlı HAL
23-11-2023, 11:13

Törədilən cinayətlər sənədlər, sübutlar və şahidlərin ifadələrinə görə araşdırılır. Cinayətkara hökm verilməsində şahidlərin ifadəsi də mühüm rol oynayır. Lakin hadisə şahidlərinin ifadə verməkdən imtina etməsi, yalan ifadə verməsi və məhkəmə prosesinə gəlməməsi halları da mümkündür.

Ötən həftə Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı həbs edilənlərdən biri – Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyevin məhkəməsində şahidlə bağlı maraqlı hal yaşanıb. Şahid qismində ifadə verən şəxs keçirdiyi koronavirus xəstəliyinə görə yaddaşının itdiyini, buna görə işlə bağlı detalları xatırlaya bilmədiyini deyib.

Şahiddə yaddaş pozğunluğu, yaddaşın itməsi ilə bağlı digər xəstəliklərin olduğu sübuta yetirilərsə, bu hal məhkəmə işinə necə təsir edər? Şahid bunu yalandan deyərsə, onu hansı cəza gözləyir?

Hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya məhkəmədə yarana biləcək belə hallarla bağlı danışıb. O, məhkəmənin tək bir şahidə görə hökm çıxarmadığını bildirib:

“Əgər şəxsin yaddaşının itməsi, onun yaddaşının özündə olmasını və itməsini müəyyən etmək mümkün olmasa, adamın ilkin istintaqda verdiyi ifadə əsas götürülür. Onun əsasında hökmdə həmin ifadəyə istinad edilə bilər. Yəni təcrübədə bunlar yaşanıb.

Məsələn, insan məhkəməyə gəlmir, gələ bilmədiyini xəbər verir, məhkəmə də onun istintaqda verdiyi ifadəni əsas götürür.

Hətta istintaqda bir cür, məhkəmədə ayrı cür ifadə verənlər olur. Məhkəmə də onu araşdırır, digər sübutlarla tutuşdurur və məhkəmədə verdiyi ifadəni deyil, istintaqda verdiklərini əsas götürür.

Açığı deyim ki, məhkəmənin mötəbər sübutlar olmasa, istintaqda verdiyi ifadəyə istinad etməsi Avropa Məhkəməsi tərəfindən qəbul edilmir. Avropa Məhkəməsi deyir ki, məhkəmədə verilən ifadəyə istinad edilməlidir. Amma məhkəmədə sübut olunsa ki, onun istintaqda verdiyi ifadə daha həqiqidir, sadəcə, dəyişdirilib, o zaman istintaqda verilən ifadəyə istinad edilə bilər.
Bütün istintaq materialları təkcə bir şahidin ifadəsinə söykənmir, orada çox saylı sübutlar olur.

Xüsusilə, mənimsəmə ilə bağlı sənədlər, bank köçürmələri, digər insanlaın ifadələri olur. Ona görə də məhkəmə digər sübutlara da istinad edərək hökm qəbul edə bilər. Əgər şahid iddia edirsə ki, yaddaşım pozulub, onun istintaqda verdiyi ifadə digər mötəbər sübutlarla təsdiq olunursa, məhkəmə hökmdə istintaqdakı ifadəyə istinad edə bilər”.

Hüquqşünas şahidə yalan ifadəyə görə, müxtəlif cəzaların nəzərdə tutulduğunu da qeyd edib:

“Cinayət Məcəlləsinin 297-ci maddəsində yalan ifadə verməyə görə məsuliyyət nəzərdə tutulub. 297.1 maddəsində məhkəmədə bilərəkdən yalan ifadə verməyə görə cərimə, bir ilə qədər azadlığın məhdudlaşdırılması və ya 6 ay müddətinədək azadlıqdan məhrumetmə cəzası var. Əgər həmin iş ağır və xüsusilə ağır cinayətdirsə, burada yalan ifadə vermək daha ağır cəzalandırılır.

Belə ki, azadlıqdan məhrumetmə müddəti 2 ildən 6 ilə qədərdir. Əgər şahid məhkəmədə xəstəliyə tutulması və yaddaşının pozulmasını deyərək ifadə verməkdən imtina edirsə və bunun yalan olduğu ortaya çıxarsa, bunu yalan ifadə kimi qiymətləndirmək olar.
Bu ifadəni ayrı formada, yəni şahidin ifadə verməkdən imtina kimi də qiymətləndirmək olar. Bunu istintaq araşdırmalıdır. Yəni şahidin yalan ifadə verməsi, yoxsa ifadə verməkdən imtina etməsi araşdırılır. Burada da yenə 2 ilə qədər islah işləri və ya 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bu isə 298-ci maddədə ehtiva olunur”.


AZİNFORM.AZ





up