Nəcməddin Sadıkova görə həbs edilən polkovnik məhkəmə qarşısında
13-09-2023, 12:25

Vəkil: “İttihamda göstərilib ki,  keçmiş Baş Qərargah rəisinin qanunsuz tapşırıqlarını yerinə yetirib, amma onu nə istintaqa cəlb edilib, nə də...”

Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə Müdafiə Nazirliyinin polkovniki Fikrət Mirzəyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Fikrət Mirzəyev külli miqdarda mənimsəmədə təqsirləndirilir.  İclasda müttəhimin anket məlumatları dəqiqləşdirilib.

Bundan sonra onun vəkilinin vəsatətinə baxılıb. Vəkil Fikrət Mirzəyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib. Məhkəmənin baxış iclası sentyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının Müdafiə Nazirliyində keçirdiyi əməliyyat zamanı Fikrət Mirzəyev də daxil olmaqla, bir neçə vəzifəli şəxs həbs olunub. Tutulanlardan Fikrət Mirzəyev və Məlikməmməd Qurbanova qarşı Cinayət Məcəlləsinin 179.4-cü - xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə ittiham irəli sürülüb. Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanova isə 179.4, 341.2.1 - bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma və digər maddələr ilə ittiham irəli sürülüb. Polkovnik Fikrət Mirzəyev nazirliyin Mənzil İstismar İdarəsinin, polkovnik Mahir Şirvanov Satınalmalar və Təchizat İdarəsinin, polkovnik Məlikməmməd Qurbanov isə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi olub. Hər 3 polkovnik 2022-ci ilin əvvəlində həbs ediliblər. Polkovnik Fikrət Mirzəyev 2020-ci il iyun ayında MN-dəki vəzifəsindən çıxarılıb. Məlikməmməd Qurbanov 27.08.2019-cu il tarixində xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq ehtiyata buraxılıb. Mahir Şirvanov polkovnik Məlikməmməd Qurbanovdan əvvəl bu vəzifədə çalışıb.

Bakı Hərbi Məhkəməsinə göndərilən cinayət işinin materiallarına görə təqsirləndirilən polkovniklər Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun qanunsuz tapşırıqlarını yerinə yetiriblər.

Məhkəmənin hazırlıq iclasında vəkillərdən biri də bu məsələyə toxunub: “İttihamda göstərilib ki, hüquqlarını müdafiə etdiyim şəxs digərləri ilə əlbir olub, keçmiş Baş Qərargah rəisinin qanunsuz tapşırıqlarını yerinə yetirib. Amma həmin şəxs nə istintaqa cəlb edilib, nə də ifadəsi alınıb..”

Hakim isə bu məsələyə münasibət bildirməyib. Deyib ki, bu, məhkəmənin hazırlıq iclasında baxılıb münasibət bildiriləsi məsələ deyil.  /musavat.com/


AZİNFORM.AZ





up