Zəfər Günü ilə əlaqədar İkinci Şəhidlər xiyabanı ziyarət olunur
8-11-2023, 11:17

8 Noyabr - Zəfər Günü ilə əlaqədar İkinci Şəhidlər xiyabanı ziyarət edilir.

Azərbaycan xalqı İkinci Şəhidlər Xiyabanına axın edir, torpaqları qorunması uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların məzarları ziyarət olunur.

Xalq şəhidlərin məzarları önünə tər güllər düzür, onların əziz xatirəsini yad edirlər.

Paytaxtın müxtəlif küçə və prospektlərində isə hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri başlayıb.

Azərtac informasıya agentliyinin məlumatına görə, 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra isə hərbçilərin dörd marşrut üzrə yürüşlərinə start verilib.

Hərbçilərin marşrutlar üzrə Bakıdakı yürüşləri saat 12:00-dək davam edəcək.

Yürüşlər Heydər Əliyev Sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı, “AMAY” Ticarət Mərkəzi, Şəhidlər xiyabanı, “Alov Qüllələri” kompleksi, “İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gur heykəli, Q.Musabəyov parkı, Əbdürrəhim Bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkı, Parlament prospekti, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, İmadəddin Nəsimi heykəli, Neftçilər prospekti istiqamətləri üzrə təşkil olunur.

Qeyd edək ki, həmçinin Gəncə, Bərdə, Füzuli, Laçın şəhərlərində və Zəngilan rayonunda müəyyənləşdirilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.

AZİNFORM.AZ




up