Əlverişsiz hava şəraiti səbəbi ilə Ermənistan tərəfə keçən və artıq 7 aydır orada əsir saxlanılan əsgərlərimiz – Aqşin Bəbirovla Hüseyn Axundovdan xəbər var. Öncə bunu yada salaq ki, qarşılıqlı razılığa əsasən, yolu azan şəxslər uzağı, iki günə qaytarılmalı olduğu halda (Azərbaycan Vətən savaşından sonra 10-a yaxın hərbçini geri verib), Ermənistan kəmfürsətlik edərək, uydurma ittihamlar və məhkəmə şousu ilə Hüseynə 20, Aqşinə isə 11 il yarım qanunsuz həbs cəzası kəsib. Hələ onların döyülüb işgəncələrə məruz qalmasını demirik.
Dünən Aqşinlə danışan anası övladı sarıdan ciddi narahatlıq ifadə edərək bədbin fikir söyləyib. Sitat: “Danışığı heç xoşuma gəlmədi. Aqşin heç vaxt belə danışmamışdı. Səsindən belə bildim ki, danışmaq istəmir. “Özüm üçün bir problem yaratsam, narahat olma” dedi. Elə hey sağollaşır, sanki danışmaq istəmirdi. İşgəncələrə məruz qalıblar. Bir-iki kəlmə zorla danışdı. Düşmən evində nə çəkdiyini dilə gətirdi, səbrinin daşdığını açıqladı”.
Anaların qəlbi həssas, intuisiyaları güclü olur. İllah da bu cür məsələlərdə. Böyük ehtimalla elədir ki var: girov hərbçilərmizi içəridə vaxtaşırı incidirlər. Xüsusən də getdikcə şiddətlənən “etnik təmizləmə” ağlaşması fonunda, “miatsum” kitabı birdəfəlik bağlandıqdan sonra quduz itə dönüblər. Heyf çıxmağa türk-azərbaycanlı axtarırlar.
Situasiyanın unikallığı da ondadır ki, Aqşin və Hüseyn Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edəndən sonra o tayda qalmış yeganə iki əsgərimizdir. Bu, sözsüz ki, onların durumu və taleyinə, statusuna özünəməxsus ştrix vurur. Hər iki anlamda...
İnanın ki, əgər Bakıda nəzəri mübadilə üçün erməni diversantları saxlanmasaydı (sərhədi qanunsuz keçərkən saxlanılan erməni hərbçilər də var), Aqşinlə Hüseynə heç qondarma məhkəmə qurmaz, öz iyrənc xislətlərinə uyğun şəkildə çoxdan linç edərdilər.
O da istisna deyil ki, əsir hərbçilərimiz erməni dustaqlarla, hətta residivistlərlə bir kamerada saxlanılır. Hərçənd bu, humanitar konvensiyaya, təməl insan haqlarına ziddir. Amma ermənilər dəfələrlə sübut ediblər ki, onlar üçün bəşəri dəyərlər, Cenevrə konvensiyası, beynəlxalq hüquq, “Qırmızı Xaç” boş şeydir. Hərləmirlər belə anlayışları.
Unutmayaq, bunlar sırf öz daxili qayda-qanunlarını ilə yaşayan yırtıcı bir məxluq, vəhşi qəbilə. İşğalçı özləri ola-ola, günü bu gün bizi “işğal”da suçlayıb böyük təzminat tələb edən, ərazimizdə soyqırım aktları törətdikləri, torpaqlarımızın altını-üstünə çevirdikləri halda Azərbaycanı “soyqırımı”nda suçlayan abırsız bir tayfa...
“Özüm üçün bir problem yaratsam, narahat olma” – Aqşinin bu sözləri hərəkətə keçmək üçün ciddi mesaj sayıla bilər. Allah hərbçilərimizi qorusun, hələliksə onlara dözüm, səbir arzulamaqdan savayı əlimizdən heç nə gəlmir. Ümid edək ki, Azərbaycan dövləti əlavə nəsə edəcək.
Misal üçün, valideynlərin təlaşı əsas götürülərək, onların təhlükəsizliyi məsələsi bütün ciddiliyi ilə, istənilən formatlı sülh danışıqlarında gündəmə gətirilə, qarşı tərəfin, vasitəçilərin diqqətinə çatdırıla, beynəlxalq məhkəmələrə şikayət ünvanlana bilər. Hər halda, detalları hüquqşünaslarımız daha yaxşı bilir.
Aqşin və Hüseyn həbs elədiyimiz erməni separatçı-cinayətkarla, hərbi canilərlə yəqin ki, dəyişdirilməyəcək. Amma bizdə sərhədi qanunsuz keçmiş və müxtəlif həbs cəzaları almış erməni hərbçilər, bəd ayaqda diversantlar da var. İnşallah, pis günün ömrü çox olmaz... /musavat.com/