ABŞ və Fransa Paşinyanı qorumaq üçün Ermənistanda desant yerləşdirib
19-10-2023, 14:11

“Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın orbitindən uzaqlaşıb ölkəsi üçün yeni təhlükəsizlik sisteminə qoşulmaq üçün axtarışlardadır və bununla bağlı konkret qarantiya istəyir. Məhz buna görədir ki, İrəvan hələlik Moskva ilə bütün körpülərini yandırmayıb. Ermənistan KTMT, Avrasiya İqtisadi İttifaqı və Gümrüdəki 102 nömrəli hərbi bazanın çıxarılması ilə bağlı Rusiyanın qarşısında hansısa tələb qoymayıb”. 

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri yenisabah.az-a politoloq Natiq Miri deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın anti-Rusiya siyasəti yürütməsi fonunda Moskva və İrəvan arasındakı gərgin mühiti şərh edib.

Xatırladaq ki, bir sıra rusiyalı siyasilər artıq Nikol Paşinyanı hədələyərək onun sonunun da Volodimir Zelenski və Mixeil Saakaşvili kimi olacağı ilə bağlı fikirlər səsləndiriblər.

N.Miri isə əlavə edib ki, Ermənistan üçün sözün əsl mənasında bütün bu təhlükəsizlik ehtiyaclarını ödəyə biləcək ciddi bir alternativə ehtiyac var:

“Ona görə də Paşinyan axtarışdadır və Avropa parlamentində Ermənistanı Avropaya təqdim etdi. Lakin məsələ burasındadır ki, Ermənistan Rusiyanın orbitindən və üzv olduğu ittifaqlardan tamamilə çıxmadıqca, eləcə də Rusiya bazasının ölkədən çıxarılması ilə bağlı tələblərini ortaya qoymadıqca, Qərb ölkələri İrəvanın istədiklərini ona tam şəkildə verə bilməyəcək.

Əslində, Paşinyanın Avropa parlamentindəki çıxışında Azərbaycan və Türkiyəni Ermənistanı blokadaya salması ilə bağlı ittiham etməsinin əsas səbəblərindən biri də o idi ki, Baş nazir Avropa parlamentinə göstərmək istəyirdi ki, İrəvanın kommunikasiyalarla bağlı artıq qərar vermək məcburiyyətindədir. Burada söhbət Zəngəzur dəhlizindən gedir. Fransa Avropa parlamenti və digər Avropa strukturlarında Ermənistanın himayədarı rolunda çıxış etdiyi üçün hazırda Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Çünki rəsmi Paris Rusiyanın tədricən bölgədən sıxışdırılması fonunda Zəngəzur dəhlizinin nəzarətini ələ keçirmək istəyir”.

Siyasi təhlilçiyə görə, Fransanın Qərbi Zəngəzurda – Qafanda konsulluq açmaq istəyinin əsas məqsədi də məhz budur:

“Çünki Qərbi Zəngəzur ərazisi və Qafan kiçik bir şəhərdir. Maraqlıdır ki, Qafanda hansı fransız yaşayır ki, orada ikinci bir konsulluq açılmasına ehtiyac olsun? Hansı ki, həm Rusiya, həm İran, həm də Fransanın cırtdan Ermənistanda səfirlikləri mövcuddur. Bu gün beynəlxalq güclər Zəngəzur dəhlizini rəqabət və münaqişə elementinə çeviriblər.

Nikol Paşinyan bu gün Parisin təhriki və himayədarlığı ilə bəzi addımlara gedir. Ancaq o, bəzən həm də bunu da anlayır ki, Rusiyanın orbitində heç də dərhal çıxmaq mümkün olmayacaq. Bu, böyük təhlükə risklərini özündə ehtiva edir. Məhz bunun nəticəsidir ki, o, Avropa parlamentinə getməmişdən öncə ona sual veriləndə bəyan etdi ki, İrəvanın xarici siyasət prioritetləri ilə bağlı hər hansı bir istiqamət dəyişikliyi mövcud deyil. Bu, o deməkdir ki, Kremlin xarici siyasət vektoru yerində qalmaqda davam edir. Lakin bu, belə deyil və bunu Rusiyada da anlayırlar”.

“Paşinyan söylədi ki, biz “3+3” platformasında bu məsələlərin müzakirəsində iştiraka hazırıq. Artıq Nikol Paşinyan anlayır ki, Qərb dünyası nə qədər Ermənistana təhlükəsizlik zəmanəti vermiş olsa da, region ölkələri ilə normal münasibətlər qurmadan Ermənistanın Cənubi Qafqazda ayaqda durmaq şansı sıfıra bərabərdir. Ona görə də Paşinyan “suyu üfürə-üfürə içmək” məcburiyyətindədir”, – o, qeyd edib.

Müsahibimizə görə, əgər İrəvanda Rusiyanın nüvəsi olduğu ittifaqlardan çıxmaqla bağlı qəfil qərar verilərsə, bu, Nikol Paşinyan hakimiyyətinin aqibəti üçün çox pis nəticələrə gətirib çıxara bilər ki, Baş nazirin özü də bunu bilir:

“Ona görə də ABŞ, Fransa və digər dövlətlərlə müxtəlif adlar altında Ermənistanda hərbi təlimlər keçirilir. Bu hərbi təlimlər də gözdən pərdə asmaq üçündür. Artıq bu dövlətlər bəzi desant qüvvələri yavaş-yavaş Ermənistanda yerləşməyə davam edir və bu da Paşinyan iqtidarının təhlükəsizliyini təmin etmək üçündür. Yəni bir tərəfdən Paşinyan Rusiyaya barmaq sirkələyirsə, digər tərəfdən də özünün devrilməməsi üçün hazırlıqlar görür. Bunun harada partlayacağını demək isə hələlik mümkün deyil”.

Mütəxəssisə görə, bu gün Rusiya hazırdır ki, əgər Paşinyan üzünü Moskvaya tərəf döndərsə, Ermənistanla əvvəlki kimi normal münasibətlər sistemi qursun və onu müdafiə etsin:

“Hətta Kreml bu kontekstdə müəyyən mənada Azərbaycanla münasibətləri də 180 dərəcə dəyişə bilər. Rusiya Ermənistanı itirməklə bağlı hər hansı bir fikrə malik deyil. Son Bişkek sammitində Paşinyanın Bişkekə gəlməməsi ilə bağlı bəhanəni Vladimir Putin uydurdu. Dolayısı ilə, Kreml burada özünün imicini qorumaq məqsədini güdürdü və o, hələ də Ermənistana qapını açıq saxlayıb”.





up