Qarabağ münaqişəsinin sona çatması region ölkələrinin marağındadır.
AZİNFORM.AZ YJC-yə istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib.
Onun sözlərinə görə, qondarma Dağlıq Qarabağ Respublikasının ləğvi labüd idi: "Bu münaqişənin heç vaxt nəticə verməyəcəyi, Qarabağın müstəqil olmayacağı aydın idi. Artıq mövzu qapanıb".
Keçmiş səfir vurğulayıb ki, Qarabağ bəhanəsi ilə bölgəyə daxil olub öz maraqlarını təmin etməyi planlaşdıran qeyri-regional güclərin artıq bəhanəsi qalmayıb: "Regionda sülh və təhlükəsizlik bərqərar olarsa, bu, Azərbaycanla Ermənistan arasında daha geniş əməkdaşlığa gətirib çıxara bilər.
İran həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edib. Azərbaycan bəyan edib ki, beynəlxalq sərhədləri bağlamaq və dəyişdirmək niyyətində deyil və İranla Azərbaycan arasında fikir ayrılığına səbəb olan bu məsələ indi öz həllini tapıb”. /yenisabah.az/