“Hər dövlət müəssisəsi jurnalistin sorğusuna dərhal cavab verməlidir” — Ələsgər Məmmədli
22-05-2022, 22:12

Əksər dövlət orqanlarının mətbuat xidmətləri baş vermiş hadisəyə operativ reaksiya vermək yerinə, adətən jurnalistlərin onlara ünvanladıqları konkret suallardan yayınmaq üçün media nümayəndələrini informasiya sorğusuna yönəldirlər. Lakin bəzən baş vermiş hadisənin ictimai yükü olduğundan, dərhal məlumat verməyi tələb etdiyindən, bir sıra dövlət qurumlarının əməkdaşları buna da məhəl qoymurlar. İnformasiya sorğusuna cavab isə ya gecikir, ya da artıq əhəmiyyətini itirmiş olur. Bəzən isə mövzunu əhatə etmir və söz yığınından ibarət olur. 

Məsələyə münasibət bildirən media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədliaçıqlamasında deyib ki, jurnalistlərin hüquqları ilk növbədə informasiyanı operativ almaqdır. Buna görə də, qarşı tərəfin vəzifəsi bunu təmin etməkdir:

“Çünki həm Konstitusiyanın 50-ci maddəsi bu hüququ jurnalistlərə tanıyır, həm də  qüvvəyə yeni minən “Media haqqında” Qanunda da çox açıq şəkildə yazılıb. Qeyd olunub ki, əgər jurnalistə informasiya operativ lazımdırsa və onu dərhal tələb edirsə, bu zaman dərhal ona məsələ ilə bağlı məlumat bildirilməlidir. 

Sorğu ilə verilən informasiyalar daha çox deyək ki, mahiyyətində çoxlu informasiya daşıyır. Yəni, yazılı sorğu ilə yanılması ehtimalı olan məlumatları vermək olar. Jurnalistin şifahi sorğusu hər hansı bir məsələyə görə mövqedirsə, onunla bağlı dərhal məlumat istənilirsə, qarşı tərəf jurnalistdən dəqiqləşmə üçün vaxt istəyə bilər ki, bu da yarım və bir saatdan çox olmamalıdır”. 

“Bu aspektdən baxsaq, əgər hər hansısa bir dövlət qurumu, hansısa informasiya sahibi bilavasitə bilə-bilə ki, bu jurnalistdir dərhal informasiya verməməsi, ona inzibati məsuliyyət yaradır. İnzibati Xətalar məcəlləsinə görə həmin şəxslərə qarşı  jurnalist iddia qaldıra bilər, Ombudsman Aparatına şikayət edə bilər  və onların cərimələnməsini istəyə bilər. Ümumiyyətlə, qeyd edim ki, hər dövlət müəssisəsi jurnalistin sorğusuna dərhal cavab verməlidir” - deyə Ə.Məmmədli vurğulayıb. /demokrat.az/





up