"Əziz Əzizov ordadırsa, vay sizin halınıza"
Suraxanıda Qarabağ şəhidi Samir Əliyevin adına olan küçənin sakinləri problemlərdən şikayətlənirlər.
Bu barədə sakinlər sosial şəbəkədə yazıblar. Əziz Əzizov
Onlar deyirlər ki, küçə tamamilə baxımsız və keçilməz haldadır.
Sakinlərdən Bəxtiyar İmanov deyir ki, dəfələrlə qurumlara müraciət edilsə də, heç bir nəticə olmayıb: "Suraxanıda şəhid Samir Əliyevin adına olan küçə tanınmaz haldadır.
Sakinlər bir neçə dəfə etiraza da qalxıb. Yaxşı, Suraxanı rayonunun icra başçısı Əziz Əzizovun xalqa xidmət etməməsini anladıq, bəs ölkə başçısından niyə çəkinmir? Düşünmür ki, bir gün etiraza qalxan sakinlər işə gedən prezidentin qarşısına çıxacaq? Demək ki, prezident də bu adamın vecinə deyil, səbəb də aydındır".
Bəxtiyar İmanov deyir ki, rayonun deputatı da seçicilərə verdiyi vədi yerinə yetirməyib: "Deputat Afət Həsənovanın da seçki öncəsi sakinlərə verdiyi yalançı vədləri, mandata görə sakinləri aldatması unudulmayıb. Vəzifə düşkünləri olan bu adamlar heç vaxt xalqa xidmət edə bilməz. Bunlar ancaq özlərinə biznes, var-dövlət toplayanlardır. Bunlar xalqa yol deyil, xalqı "yola verən"lərdir".
Deputat Afət Həsənova
Fərhad Səlimov adlı istifadəçi isə yazır ki, vətəndaşı adam yerinə qoyan yoxdur: "Bunlar üçün əsas məsələ yuxarıların haqqını çatdırmaqdır".
Cəlilabad sakini Anar Məlikov isə hadisəyə münasibətini belə şərh edib: "Əziz Əzizov ordadırsa, vay sizin halınıza. O işlədiyi müddətdə Suraxanı rayonu dağılacaq".
Sakinlərdən Seymur Əhmədov qeyd edir ki, şəhidin adına olan küçə bu halda olmamalıdır: "Şəhidə belə "hörmət" qoymağı ölkə başçısı tapşırıb bunlara? Əziz Əzizov icra başçısı, deputat Afət Həsənova mafiya yaradıblar yəqin. Mafiya ayıb-zad bilən, heç kimi vecinə alan deyil".
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.
Əziz Əzizov 12 il (2006–2018-ci illər) Cəlilabad rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Daha sonra Bakıya gətirilib və 2018–2019-cu illərdə Yasamal rayon icra hakimiyyətinin başçısı təyin olunub.
Prezident İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli sərəncamı ilə Bakı şəhəri Suraxanı rayon icra hakimiyyətinin başçısı təyin edilib.
Hazırda da bu vəzifədə çalışır.