“Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü kimi ciddi narahatlıq yaradan iki məsələyə dəyərli İctimai Şura üzvlərinin münasibət bildirməsini xahiş etmişdim. Təəssüf ki, həmkarlarımın adından Təhsil nazirliyinin cavabı İctimai Şuranın açıqlaması kimi təqdim olundu. Açıqlamanın sonuncu cümləsi isə lap əntiqədir. Təhsil nazirliyinin 164 nömrəli məktəbin "Georgi lenti" açıqlamasının sonuncu cümləsi ilə eynidir. "Ağıl ağıldan üstündür" atalar misalı artıq aktuallığını itirir”.
Bu sözləri Milli Məclisin üzvü Etibar Əliyev deyib.
“Təəssüflər olsun ki, İctima Şura adından heç bir araşdırma aparılmadan və mənimlə məsləhətləşmədən Təhsil Nazirliyinin istəyinə uyğun açıqlama verilib. Əgər rəsmi açıqlama verilirsə, mənim iştirakım niyə təmin olunmayıb? Qoyduğum məsələnin məğzi budur: Akrobatik sıçrayışla məktəb direktoru yerinə gətirilmə əməliyyatlarının arxasında nə durur? Bu işdə hansı qruplaşmalar mövcuddur? Orta təhsildə nə üçün bu qədər narazılıqlar mövcuddur və get-gedə dərinləşir? Məsələn, necə olur ki, Bakı şəhəri üzrə Təhsil İdarəsində məsul vəzifə tutan, əvvəllər isə iki məktəbdə direktor işləmiş bir biznesmenin bütün müavinləri "imtahan" verərək direktor təyinatı (10-dan çox) alırlar? İctimai Şura bu tip sualları Nazirliyin rəhbərliyinə verməlidir və izahat almalıdır. İctimai Şuranın varlıq fəlsəfəsi də bunu tələb edir”.
“Düşünürəm ki, biz İctimai Şura olaraq nöqsan və neqativlərin qarşısında durmalıyıq, bununla məşğul olanların yanında və müdafiəsində yox”- deyə deputat fikirlərini yekunlaşdırıb. /demokrat.az/
AZİNFORM.AZ