Daşnaksütyun partiyasının Ali Orqanının Ermənistan üzrə nümayəndəsi, Ermənistan parlamentinin müxalifətdən olan vitse-spiker İşxan Saqatelyan may ayunun 14-də İrəvanın Fransa meydanında mətbuat konfransı keçirib.
Məqsədi Ermənistandakı itaətsizlik aksiyasını dəyərləndirmək olan tədbirdə Daşnaksütun liderlərindən sayılan Saqatelyan Paşinyanın hakimiyyətdən getməyə hazırlaşdığını bəyan edib.
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov partiya rəsmisinin Paşinyanın hakimiyyətdən gedəcəyi mesajının verilməsindəki məqsədlərdən danışıb:
“Onun nitqindən belə aydın olur ki, mitinqlər bu şəkildə davam edərsə, Ermənistan Baş Naziri Nikol Paşinyanın səlahiyyətlərini əldən verəcəyi gün uzaq deyil. Saqatelyan ümumiləşdirmələr apararaq 4 məsələdə uğur əldə etdiklərini bildirib. Onlar guya, Qarabağ məsələsində Paşinyanın güzəştə getməsinin qarşısını alıblar, Ermənistanda və beynəlxalq arenada siyasi böhran yarada biliblər, ermənilərin güzəştə gedən xalq olmadığını sübut ediblər və hakimiyyətin süqutunu yaxınlaşdırıblar.
Saqatelyandan soruşmaq lazımdır ki, əgər belə uğurlu nümayiş keçirirdinizsə, nədən gələn həftədən taktikanızı dəyişməyi qərara aldınız? Nə zaman uğurlu taktikadan imtina etmək istəyərlər? Yaxud, nəyə görə son günə qədər ən böyük probleminizin insanları meydana toplamaq, kütləviliyə nail olmaqdan ibarət oduğunu elan edirdiniz? Siz hələ lazım səviyyədə mitinqçi toplaya bilmişdiniz ki indi də nailiyyətlərdən danışırsınız?”.
Politoloq Ermənistanda Paşinyana qarşı ciddi müxalifətin qalmadığını deyib:
“Ermənistandakı prosesləri izləyən hər bir informasiyalı şəxsə aydındır ki, Saqatelyanın dediklərində həqiqət yoxdur. Sadalanan nailiyyətlərin heç biri əldə olunmayıb. Daşnaksütunun nümayəndəsinin mətbuat konfransı zamanı gizlədə bilmədiyi sifət cizgiləri də onun daxili aləmindəki təlatümdən xəbər verirdi. Əslinə qalsa, Ermənistan müxalifəti son mitinqlər zamanı bu vaxta qədər uğramadığı bir məğlubiyyətlə üzləşdi. Ermənilər bu dəfə Köçəryan və Sarqsyan bandasına bir daha nökər olmaq istəmədiklərini sübut etdilər. Müxalifətin uğursuz mitinq cəhdləri Paşinyanın mövqelərini bir az da möhkəmləndirdi. Bundan sonra ona istədiyi siyasəti yerinə yetirməkdə mane olacaq müxalifət adlı bir qüvvə yoxdur.
Təbii ki, bu, heç də Baş Nazirin Azərbaycanla sülh müqaviləsinin imzalanmasına asanlıqla razı salmaq anlamına gəlmir. Çünki bu müqaviləyə mane olmaq istəyənlər təkcə müxalifət cildində olan daxili qüvvələr deyil. Hələ xaricdə Paşinyanın hərəkətlərini istiqamətləndirən daha ciddi fiqurlar mövcuddur. Nikol indi diqqətini məhz xaricdən olan qüvvələri neytrallaşdırmağa yönəltməlidir”. /gündem.az/
AZİNFORM.AZ