“PUTİNDƏ MAKRONA QARŞI ELƏ KOMPROMATLAR VAR Kİ...” - “Bunlar həm erotik, həm də korrupsiya xarakteri daşıyırlar”
14-05-2022, 02:50

“Həmin vaxtdan Makron hər məsələdə Putinə xidmət göstərməyə başladı”

“Rusiya xüsusi xidmət orqanları hər bir Fransa prezidentinə qarşı geniş kompromat toplamaqla məşğul olublar və bunlar həm erotik, həm də korrupsiya xarakteri daşıyıblar”.

Bunu məşhur politoloq və publisist Andrey Piontkovski mətbuata son açıqlamalarının birində söyləyib.

Piontkovski qeyd edib ki, eyni məsələ hazırkı Fransa Prezidenti Emmanuel Makrona da aiddir və bu gün rəsmi Parisin ikibaşlı siyasəti və açıqlamaları, Ukraynanın Avropa İttifaqına qəbuluna heç də ürəklə yanaşmaması, eləcə də işğala məruz qalan bu ölkəyə uzun müddət silah yardımı məsələsində “tərəddüd etməsi”, Putinlə tez-tez əlaqə yaradaraq, Rusiyanın vacibliyini qabartması və Rusiya istiqamətində digər müxtəlif reveranslar etməsi də bunun nəticəsidir.

Şəxsən Makrona qarşı kompromatlara gəlincə, Piontkovski bildirib ki, bu cür faktların mövcudluğu hələ Makron birinci müddətə Fransa Prezidenti seçildiyi ilk vaxtlarda üzə çıxmışdı: “Həmin kompromatların mövcudluğunun üzə çıxması tarixini gününə qədər dəqiq deyə bilərəm. Makron birinci prezidentliyi öncəki seçkini açıq anti-Putinq şüarları ilə udmuşdu. Onun seçilməsindən bir ay sonra Putinin Fransaya səfəri olmuşdu. Həmin vaxt Yelisey sarayının qarşısında keçirilən mətbuat konfransında Makron Putini belə demək mümkünsə, “əzib divara sürtdü”. Putin zəif şəkildə etiraz etməyə çalışdı, hətta Simonyan da sual verərək, nəsə sübut etməyə çalışmışdı. Lakin bütün bunlara baxmayaraq, həmin vaxta qədər Qərb liderlərindən heç kim Putinlə belə danışmamışdı. Putin elə şoka düşmüşdü ki, qayıdandan sonra iki həftə heç bir tədbirdə görünmədi.

Ancaq cəmi bir aydan sonra Sankt-Peterburqda iqtisadi sammit keçirildi. Orada hamıda təəcüb doğuran tamamilə başqa bir Makron gördük – qorxaq, Putinin qarşısında “quyruğunu bulayan” bir Makron. Ona elə bir kompramat göstərmişdilər ki, nəticədə həmin vaxtdan Makron hər məsələdə Putinə xidmət göstərməyə başladı. Bunu Minsk razılaşmalarında da görmüşdük.

İndi də Makronun missiyası Ukraynanı Rusiya üçün sərfəli, Putin Rusiyasının sifətini saxlayacaq sülh şərtlərinə razılaşmağa məcbur etməkdir. Makron bununla məşğul olacaq..” Qeyd edək ki, doğrudan da Ukraynada bütün baş verənlərə rəğmən, məhz Fransa və Almaniya Putin Rusiyasına qarşı sərt tədbirlər görülməsini ləngidən, Ukraynanın Avropa İttifaqına qəbulunu və ona hərtərəfli yardım göstərilməsini tormozlayan mövqedən çıxış etməkdədirlər. 

Son çıxışlarının birində hətta Makron “Rusiyanı aşağılamaq olmaz”, - deyə bildirib.

O, həmçinin Rusiyanın müharibə bitdikdən sonra 1918-ci ildəki məğlubiyyətdən sonrakı Almaniyanın vəziyyətinə salınmasının, təcrid olunmasının əleyhinə olduğunu bildirib.

O da nəzərdən qaçmır ki, Putinlə ən çox telefonla danışan da məhz Makrondur. Baxmayaraq ki, müharibədən bir neçə gün əvvəkli Moskva səfərində Putin onu aşağılayıcı formada qəbul etmişdi və çox kobud danışaraq, hədə-qorxu gəlmişdi.

Son dəfə Makronla Putin arasında telefon danışığının mayın əvvəlində baş tutduğu məlumdur. Həmin danışıqdan sonra Makron Putinin Ukrayna məsələsilə bağlı danışıqlara açıq olduğunu bildirmişdi. Lakin indi Ukrayna mövcud şərtlər daxilində danışıqlara getmək istəmir. Ukraynada qanlı savaşı bir anlığa belə dayandırmayan Kremlin danışıqlarla bağlı məsələdə nə dərəcədə səmimi və sözünə əməl edən olduğunu isə yaxın tarix dəflərlə sübuta yetirib...

Xatırladaq ki, Putinin Qərb liderlərini onların şəxsi həyatına və fəaliyyətinə dair kompromatlarla şantaj etdiyinə dair iddialar hər zaman səsləndirilib. Təkcə Kremlin əlində sabiq ABŞ Prezidenti Donald Trampa qarşı kompramatların mövcudluğuna dair Qərb mətbuatında dərc edilən məlumatları xatırlamaq kifayətdir.

Eyni sözü bu gün Rusiyanı az qala “ikiəlli” dəstəkləyən, Avropa İttifaqının Ukraynaya dəstəklə bağlı bütün təşəbbüslərini əngəlləməyə çalışan Macarıstan Baş naziri Viktor Orban və digərləri barədə də demək olar. Ümumilikdə isə Putinin şəxsi keyfiyyətlərini və “kqbşnik” keçmişini nəzərə alsaq, kompromat şantajı barədə iddialar olduqca inandırıcı görünür..  /azpolitika.info/




AZİNFORM.AZ





up