Qərbi Azərbaycan məsələsi parlamentdə müzakirə olunub
27-12-2022, 12:01

“Cənab prezidentin öz doğum günündə Qərbi Azərbaycan İcmasının binasının açılışında iştirak etməsi, bir qrup Qərbi azərbaycanlı ilə görüşü, etdiyi çıxış bizim yeni mücadiləmizin əsasıdır”.

AZİNFORM.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

Komitə sədri diqqətə çatdırıb ki, parlament də bu prosesdə öndə olmalıdır. Yəni qanunvericilik planında öz işini görməlidir.

M. Quliyev bildirib ki, nə qədər Qarabağ işğaldaydı biz də qarabağlı idi, indi kim özünü azərbaycanlı sayırsa, Qərbi azərbaycanlı olmalıdır.

Deputat Jalə Əliyeva isə deyib ki, prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti sahəsində Qərbi azərbaycanlıların geri qayıdacağı gün uzaqda deyil:

“Bütün hədəf və məqsədimiz aydındır. 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdiyimiz kimi, Qərbi azərbaycanlılar da öz dogma torpaqlarına qayıdacaqlar”.

Fəzail Ağamalı isə xatırladıb ki, dekabrın 24-də cənab prezident Qərbi Azərbaycan İcmasının binasını ziyarət edib, ziyalılarla görüşərək müzakirələr aparıb.

F. Ağamalı əlavə edib ki, prezident Qərbi Azərbaycana qayıdışın yol xəritəsini ortaya qoyub, təkzibedilməz arqumentlərlə Qərbi Azərbaycanın tarixi torpaqlarımız olduğunu ifadə edib.

F. Ağamalının sözlərinə görə, geopolitik mahiyyətdən yaranan Ermənistan qondarma dövləti zamanla ərazilərimizi işğal edib: “Amma indi vəziyyət dəyişib. Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qəhrəman əsgərimiz nəinki işğala son qoydu, hətta Ermənistanın çöküşünün əsasını yaratdı.

Əlbəttə, cənab prezidentin dediyi kimi, biz qədim torpaqlarımıza qayıtmaq üçün gücdən istifadə etməyəcəyik. Biz həmin ərazilərə tarixi kodlarla, genetik əlaqələrlə qayıdacağıq. Mən təklif edirəm ki, parlamentdə Böyük Qayıdış konsepsiyası hazırlayaq”.

Deputat Fazil Mustafa diqqətə çatdırıb ki, Qərbi Azərbaycan konsepsiyasını prezident çox səviyyəli şəkildə təqdim edib: “Bu prosesdə tədqiqatçı Zahid Oruc, araşdırmaçı Əziz Ələkbərli və nüfuzlu alimimiz Əhliman Əmiraslanovun iştirakı çox sevindiricidir.

Qərbi Azərbaycana qayıdış gələcək Ermənistanla münasibətlərdən asılı olacaq. Odur ki, biz beynəlxalq platformalarda ciddi çalışmalıyıq. Hesab edirəm ki, Zəngəzur məsələlərini son 10 illər boyu konseptual şəkildə araşdıran və ortaya qoyan Musa Quliyev də proseslərdə fəal iştirak etməlidir. Ölkə prezidenti istiqaməti dəqiq göstərdi: çalışmaq və zəhmətçəkmə xarakterini ortaya qoymaq”.





up