Bu ölkədə yanacaq böhranı: Etirazçılar prezident İQAMƏTGAHINA GİRDİ
9-07-2022, 18:43

Şri-Lanka Prezidenti Qotabai Rajapaksanın iqamətgahını mühasirəyə alan etirazçılar binaya daxil olublar.

AZİNFORM.AZ xəbər verir ki, yanacağın əldə edilməsinin qeyri-mümkün olduğu Şri Lankada minlərlə nümayişçi küçələrə, bəziləri əllərində bayraqlarla prezident sarayına axışıb. Yerli mediada yayımlanan görüntülərdə bəzi nümayişçilərin sarayın pəncərəsindən şüarlar səsləndirməsi də yer alıb. Küçələrdə nümayişçilərlə əsgərlər və polislər toqquşub. Polis və əsgərlər etirazçılara qarşı bibər qazından istifadə edib.


Qeyd edək ki, Şri-Lankada həftənin əvvəlində yanacaq ehtiyatlarının tükənmək üzrə olduğu açıqlanıb. Energetika naziri Kançana Wijesekera xəbərdarlıq edib ki, normal tələbat olarsa, ölkədə bir gündən az müddətdə yanacaq tükənəcək.

Yanacaq, ərzaq və dərman kimi idxal mallarının pulunu ödəməkdə çətinlik çəkən Şri-Lanka bir həftə əvvəl şəxsi avtomobillərə benzin və dizelin satışını qadağan edib.

Mütəxəssislər hesab edirlər ki, Şri-Lanka 1970-ci illərdəki neft böhranından sonra xalqa yanacaq satışını qadağan edən ilk ölkədir.

22 milyonluq ada ölkəsi 1948-ci ildə İngiltərədən müstəqillik qazandıqdan sonra ən ağır iqtisadi böhranını yaşayır və ölkə əsas məhsulların idxalı üçün lazım olan valyutanı tapmaqda çətinlik çəkir.

Hökumət, ölkənin ən böyük xarici valyuta mənbəyi olan turizmə mənfi təsir göstərən Covid-19 epidemiyasını günahlandırır. Amma çoxları deyir ki, problem iqtisadiyyatın düzgün idarə olunmamasıdır.

Ölkə tarixində ilk dəfə xarici borcunu ödəyə bilmədi və may ayında defolta düşdü. 





up