Türkiyədə baş verən zəlzələ fəlakətinin gücündən çox dağıdıcılığı müzakirə mövzusu olub. Çünki oxşar maqnitudalı bəzi zəlzələlər belə böyük əraziyə və əhaliyə təsir etməyib.
AZİNFORM.AZ xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Türkiyənin 10 şəhərində böyük dağıntılara səbəb olan, təxminən 15 milyon insanın təsirə məruz qaldığı və 8 ölkədə hiss edilən zəlzələnin niyə bu qədər dağıdıcı olduğunu araşdırıb.
Amerikanın “Washington Post” qəzetində dərc edilən məqaləyə görə, zəlzələ zamanı seysmik aktivlik və ayrılan enerji zəlzələlərin dağıdıcılığında infrastruktur problemləri qədər təsirlidir.
Qəzet yazıb ki, qeyd olunan miqyas zəlzələlərin böyüklüyü və gücünü göstərir, lakin bu təbii fəlakətləri ölümcül edən hadisələrin buraxdığı enerjidir.
Zəlzələlərin intensivliyi loqarifmik olaraq ölçülür və hər dərəcə arasında 10 vahid fərq var. Məsələn, 7,0 bal gücündə zəlzələ 6,0 bal gücündə zəlzələdən 10 dəfə, 5,0 bal gücündə isə zəlzələdən isə 100 dəfə güclü hesab olunur. Zəlzələ zamanı buraxılan enerjilər hər vahiddə 32 dəfə güclənir.
USGS-nin geofiziki Dara Qoldberq deyir: "4.0 və 4.1 bal gücündə zəlzələ ilə 7.7 və 7.8 bal gücündə zəlzələlər arasında buraxılan enerji eyni deyil".
Digər tərəfdən, Kahramanmaraş mərkəzli zəlzələ fəlakəti son bir ildə dünyada baş vermiş zəlzələlər nəticəsində buraxılan ümumi enerjinin yüzdə 26-sına bərabərdir. Başqa sözlə, təkcə Türkiyədə baş verən zəlzələlər bir ildə buraxılan yeraltı enerjinin dörddə birinin bir gündə buraxılması deməkdir. Bu da zəlzələni kifayət qədər dağıdıcı edir. Həmçinin Türkiyədə baş vermiş iki zəlzələnin buraxdığı enerji son 3 ayda dünyada qeydə alınan bütün zəlzələlərdə ayrılan enerjilərin cəmindən də çox hesablanıb.
Türkiyədə baş vermiş dəhşətli zəlzələnin gücünü belə izah etmək olar:
- Zəlzələ zamanı ayrılan Enerji alimlər tərəfindən “joul” (joul) ilə hesablanır. Beynəlxalq Vahidlər Sistemində enerji iş və ya istilik miqdarından əldə edilən ölçü vahidi kimi müəyyən edilir. Zəlzələnin şiddətindən başqa, ayrılan enerjini (iş-istiliyi) ölçmək üçün də istifadə olunur.
- USGS-nin ölçmələrinə görə, Kahramanmaraşda 7,8 bal gücündə zəlzələ 30 petajul olaraq ölçülüb. Müqayisə üçün bildirək ki, 2010-cu ildə 300.000 adamın ölümünə səbəb olan 7.0 bal gücündə Haiti zəlzələsinin buraxdığı enerji cəmi 2.1 petajul olaraq ölçülmüşdü.
- Yəni Türkiyədəki 7,8 bal gücündə zəlzələ buraxılan enerji baxımından Haitidəki zəlzələnin təxminən 15 qatına bərabərdir.
- 30 petajoul bir il ərzində 774 min evin enerji ehtiyacını ödəmək üçün kifayət qədər güclüdür.
- 5 mindən çox Boeing 747-100B tipli təyyarənin çənləri bu enerji ilə tam doldurula bilir. /musavat.com/