“Kahramanmaraş zəlzələsi Yaponiyadakından 30 dəfə böyükdür”
11-02-2023, 19:25

"Kahramanmaraş zəlzələsi Yaponiyadakından 30 dəfə böyükdür”.

Bu sözləri İspaniyanın Elmi Araşdırmalar Yüksək Şurasına bağlı Geociencias Barselona (Geo3Bcn) İnstitutunda çalışan seysmoloq Jordi Diaz deyib.

J.Diaz qeyd edib ki, "əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlər 9 saatlıq fasilə ilə iki böyük zəlzələ olub və bu çox nadir bir vəziyyətdir.

Bubun çox böyük və şiddətli zəlzələ olduğunu, statistikaya görə Türkiyədəki zəlzələnin əsrin ən böyük zəlzələsi olduğunu deyən Diaz bu böyüklükdə zəlzələlərin dünyada da ildə 10-20 dəfə baş verdiyini, lakin Türkiyədəki zəlzələnin dağıdıcılığı baxımından bəzi fərqləri olduğunu vurğuladı.

Bölgədəki 10 şəhərdə baş verən zəlzələnin dərinliyinin 15-20 kilometr olduğunu, yer səthinə çox yaxın olduğunu, mərkəzinin yaşayış məntəqələrində yerləşdiyini və dayanıqlı tikililərin olmamasının itkilərin çox olmasının əsas səbəbləri olduğunu bildirən Diaz "Biz Türkiyədəki kimi zəlzələlərə "dayaz zəlzələ” deyirik və zəlzələ nə qədər dayaz olursa şiddəti bir o qədər böyük olur”- deyib.

2011-ci il mayın 11-də İspaniyanın cənubundakı Lorka şəhərində baş verən zəlzələnin çox daha dayaz bir zəlzələ olduğunu, lakin böyüklüyünün aşağı olması səbəbindən daha az itkiyə səbəb olduğunu söyləyən Diaz, "Lorkada baş verən zəlzələ 3-5 kilometr dərinliyində çox dayaz idi, amma 5,1 bal gücündə idi. Dünyada ildə bu böyüklükdə 10 minə yaxın zəlzələ olur. Lorkadakı zəlzələ də yaşayış məntəqəsində olduğu üçün itkilərə səbəb oldu. Enerji buraxılışına baxsaq, Türkiyədəki zəlzələ İspaniyadakından min dəfə çoxdur”- deyə bildirib.

Diaz Türkiyədə baş verən zəlzələləri 2016-cı ilin avqustunda İtaliyanın mərkəzi bölgəsində baş verən və 280-dən çox insanın ölümünə səbəb olan 6,2 bal gücündə zəlzələ ilə müqayisə edib: "İtaliyada şaquli qırılma olmuşdu. Türkiyədə isə tamamilə üfüqi bir qırılma xəttidir. Mexanizmləri tamamilə fərqli olan zəlzələlərdir.

Türkiyədə zəlzələ seysmik xəritədə "qırmızı” kimi qeyd olunan riskli ərazidə baş verib. Burada zəlzələ olacağı məlum idi, amma keçən həftə, yoxsa növbəti 20 və ya 50 ildə baş verəcəyi təbii ki, bilinmirdi. Problem buradadır.

Zəlzələlərdə risk zonasını bilirik, ancaq vaxtı bilmədiyimiz üçün etməli olduğumuz şey ən yaxşı şəkildə hazırlıqlı olmaq və dayanıqlı binalar inşa etməkdir. Bu böyüklükdə zəlzələdə itkilərin qarşısını almaq mümkün deyil, lakin itkilərin az və ya çox olması bir çox amillərdən asılıdır”.

İspaniyalı seysmoloq Yaponiyanın Tohoku bölgəsində 2011-ci ildə "fövqəladə deyilə biləcək” 9,1 bal gücündə Türkiyədəkinə bənzər zəlzələ olduğunu bildirərək "Ancaq Kahramanmaraşda 9 saat fərqlə iki böyük zəlzələ oldu. Bu, nadir hallarda müşahidə etdiyimiz bir vəziyyətdir. Buraxılan enerjinin Yaponiyadakından 30 dəfə çox olduğunu deyə bilərik”- deyə vurğulayıb.





up