AZİNFORM.AZ-ın musavat.com-a istinadən məlumatına görə, Andropov həm DTK əməkdaşları, həm də agentura şəbəkəsi vasitəsilə SSRİ-də baş verən bütün hadisələrdən, neqativ hallardan gündəlik məlumatlar alıb, müvafiq tədbirlərin keçirilməsi üçün lazımi göstərişlər verib. Amma DTK sədri bəzi məqamlarda dövlət məmurlarının himayədarlığı ilə baş tutann korrupsiya əməllərinə göz yummağa məcbur qalıb. Xüsusilə, Leonid Brejnevin qayğısı altında yaşayan və ölkədə istədikləri kimi hərəkət edən şəxslərə qarşı Andropov heç bir tədbir görə bilməyib. Sözsüz ki, DTK sədri bu cür halları və bu şəxsləri yaddaşına həkk edib, Brejnevin vəfatından sonra 15 aylıq hakimiyyətində onlarla haqq-hesab çəkməyə imkan tapıb. Korrupsiyaya qarşı bu cür səsli küylü proseslər SSRİ tarixinə “Qastronom işi”, “Okean işi”, “Pambıq işi” və s. kimi düşüb.
1983-cü ilin may ayında Andropov yüksəkçinlilərin daha bir korrupsiya işini açıb. Bu işin açılmasına hərbi təyinatlı yük qatarında yanğının baş verməsi səsəb olub. Moskvadan Rostova istiqamət alan yük qatarında Rostova 80 kilometr qalmış güclü yanğın baş verib. Maşinistlər və hərbi yükü müşayiət edən hərbçilər yanğın nəticəsində heç bir xəsarət almasalar da, qatarın 7 vaqonu və onun içərisindəkilər tamamilə yanaraq külə çevrilib.
Mayın 12-də səhər saatlarında SSRİ Daxili İşlər Nazirliyindən Mərkəzi Komitəyə hadisə ilə bağlı məlumat daxil olub. Hadisə dərhal baş katib Andropova məruzə edilib. Məruzədə qeyd edilib ki, hərbi təyinatlı yük qatarında hərbi hissələr üçün ərzaq daşınıb. Yükün hərbi təyinatlı olmasına görə dəyən zərərin məbləği məxfi saxlanılıb. Sonralar hərbi ekspertlərin söylədiklərinə görə, dəymiş ziyan milyonlarla ölçülüb.
Mərkəzi Komitədə yanğn hadisəsi ilə bağlı xüsusi komissiya yaradılıb. Hadisə ilə bağlı Andropov müdafiə naziri Dmitri Ustinovu birbaşa bu işə cəlb edib. Baş katiblə nazirin ilk görüşündə Ustinov Andropova kiçik və dəyərli bir məsləhət verib: “Yuri Vladimiroviç, yanğının səbəbini hadisə yerindən, Rostovdan əvvəl Moskva ətrafında yerləşən “N” saylı hərbi hissədə, hərbi ərzaq bazasında axtarmaq lazımdır...”
Bu “məsləhət” Andropov üçün kifayət edib. O, əvvəlcə ilkin araşdırmaların nəticələrini gözləyib. Araşdırmalar nəticəsində məlum olub ki, yük qatarı texniki xidmət və maşinistlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş yük stansiyada deyil, həmin stansiyadan 24 kilometr aralıda saxlanılıb (bu stansiya Rostovdan 80 kilometr aralıda yerləşib). Yəni, yol göstəricisi qatarın getməsinə icazə verməyib. Həmin ərazinin yaxınlığında isə heç bir yaşayış məntəqəsi yerləşməyib. Yanğın da məhz həmin yerdə gecə saatlarında baş verib ki, yanğınsöndürənlərin hadisə yerinə vaxtında gəlməsi mümkün olmayıb. Yanğın təhlükəsizliyi ekspertləri yanğının qəsdən törədilməsi haqqında arayış təqdim edərək bildiriblər ki, yanğının təbii baş verməsinə heç bir səbəb olmayıb. Bu və digər arayışlarlarla tanış olduqdan sonra Andropov Ustinovun “məsləhət”ini qəbul edərək ərzaq anbarında yoxlamalaarın aparılmasına göstəriş verib. Yoxlamalar DTK tərəfindən aparılıb.
Yoxlamalar nəticəsində sənədlərə əsasən aşkar olunub ki, yük qatarında “daşınan” qatılaşdırılmış süd, qablaşdırılmış yaşıl noxud və bitki yağları, şəkər tozu, qənd, səkkiz çeşiddə yarmalar və digər ərzaq məhsulları ümumiyyətlə qatara yüklənməyib. Sadəcə, bu ərzaq məhsullarından nümunə üçün bir neçə qutu vaqonlara yığılaraq möhürlənib. Daşınacaq məhsullar anbarda qalıb, öz “müştərilərini” gözləyib.
Aparılan əməliyyat nəticəsində aşkar edilib ki, anbar rəhbərliyi ilə ərazi üzrə dəmiryol stansiyasının rəhbərliyi qarşılıqlı “anlaşma” nəticəsində işbirliyinə giriblər. Qatar gecə saatlarında yük stansiyasından 24 kilometr aralıda qəsdən saxlatdırılıb. Yanğını isə pul qarşılığında maşinistlərdən biri törədib.
Bir aydan artıq davam edən yoxlamalar nəticəsində o da məlum olub ki, ümumiyyətlə anbara daxil olan və çıxan ərzaq məhsulları yalnız kağız üzərində aparılıb. Sözsüz ki, bu qədər risklərə gedən anbar rəisinin bu işləri təkbaşına görməsi şübhə yaradıb. Çox kiçik bir araşdırmadan sonra aydın olub ki, anbar rəisi polkovnik Bajanov 4-cü Ukrayna cəbhəsində serjant kimi Leonid Brejnevin tabeliyində xidmət edib və həmin dövrdə yenicə general rütbəsi almış Brejnevin məişət məsələləri ilə, ərzaq, geyim və təminatı ilə məşğul olub və yaş fərqinə baxmayaraq, aralarında yaxın münasibətlər yaranıb. Sonralar bu münasibət Bajanovu zaman-zaman yuxarılara qaldırıb. 1983-cü ildə Bajanovun 63 yaşı olmasına, xidmətdə son yaş həddini keçməsinə baxmayaraq, o, hələ də himayədarının hesabına rütbə daşıyıb.
Andropov bu haqda Ustinovdan soruşanda müdafiə nazirinin cavabı qısa olub:
- Mən Leonid İliçin sözündən çıxa bilməzdim.
Ustinov Brejnevin sözündən çıxmasa da, Andropov heç kimə güzəştə getməyib. Polkovniki ən ağır cəzaya, güllələnməyə, digər 18 nəfəri isə 10-15 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər. Bajanov hökmünün yumşaldılması üçün çoxsaylı müraciətlər edib. Nə qədər ki, Andropov hakimiyyətdə olub, bu müraciətlər nəticəsiz qalıb. Andropovun vəfatından sonra isə Ustinovun xahişi ilə Konstantin Çernenko Bajanovun cəzasını 13 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzləyib.
AZİNFORM.AZ