“ƏRDOĞAN PUTİNİ YENƏ CƏZALANDIRIR...” –“Türkiyəni itirmək Almaniyanı itirməkdən daha dəhşətlidir”
2-11-2022, 15:07

Rusiyada kifayət qədər tanınan müxalif siyasətçi, sabiq Duma deputatı və Rusiya FTX-sının sabiq polkovniki Gennadi Qudkovun Vladimir Putinlə bağlı maraqlı bir fikri var: “Putin yalnız üç dili başa düşür – rus dili, söyüş dili və güc dili”.

Elə həmin Qudkov və Putini yaxşı tanıyan digər bir çox politoloqlar, mütəxəssislər hesab edirlər ki, Putinlə yalnız onun başa düşdüyü dildə danışmaq lazımdır və Qərb, sivil dünya Putinə nə qədər artıq dərəcədə sərt ritorika və güc göstərsə, Ukraynadakı müharibə və ümumilikdə Rusiyanın beynəlxalq birliyə qarşı bütün əndazələri aşan demarşı da bir o qədər tez başa çatar. Bu zaman həmin mütəxəssislər tez-tez Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə münasibətlərini misal çəkirlər. Xüsusilə də Rusiyanın “taxıl razılaşması”ndan çıxması barədə bəyanatından sonra Ərdoğanın geri çəkilməməsi, anlaşmanın qüvvədə qaldığını və Türkiyənin öz öhdəliyini, missiyasını davam etdirəcəyini, deməli, Ukrayna taxılının və digər ərzaq məhsullarının Qara dəniz vasitəsilə nəqlinin kəsilməyəcəyini bəyan etməsi bunun bariz nümunəsi kimi göstərilir.

Yeri gəlmişkən, məhz Ərdoğanın sərt və birmənalı mövqeyindən sonra Putin geri addım ataraq, “taxıl razılaşması”ndan çıxmadıqlarını, sadəcə onun davam etdirilməsinə, yəni gəmilərin təhlükəsiz hərəkətinə təminat vermədiklərini və Türkiyə tərəfilə məsləhətləşmələr aparıldığını bildirərək, Ukraynadan Rusiyanın Qara dəniz donanmasının təhlükəsizliyinə təminat tələb etdi(!). O donanmaya ki, demək olar hər gün onun gəmiləri Ukrayna şəhərlərinə onlarla raket atır. Yəni, Putin Ərdoğanın sərt mövqeyi qarşısında növbəti dəfə özünün nə qədər qeyri-adekvat, gülünc və aciz vəziyyətdə olduğunu ortaya qoydu...

Rusiyanın, Putinin hədə-qorxularına baxmayaraq, Türkiyənin Müdafiə naziri Hulusi Akar “taxıl razılaşması” ilə bağlı vəziyyəti belə dəyərləndirib: “Türkiyə bayrağı altında üzən quru yük gəmiləri Rusiyanın “taxıl sazişi”ndə iştirakının dayandırılmasına baxmayaraq, Ukraynadan ərzaq ixracına davam edəcək. Dünəndən etibarən Ukrayna limanlarından çıxan və dənizdə olan gəmilər səfərlərinə davam edir. Türkiyə bayrağı altına üzən gəmilərin çıxışında heç bir problem yoxdur. Mövcud məlumatları qiymətləndirərək, bu razılaşmanın davam etdiriləcəyinə inanırıq”.

Ərdoğanın və Akarın açıqlamaları, ümumilikdə bu məsələdə Türkiyənin sarsılmaz mövqeyi, bir növ “sözünün ağası olması” son zamanlara qədər Türkiyəni və şəxsən Ərdoğanı tənqid edən siyasətçiləri, politoloqları və digər mütəxəssisləri də “heyran edib”. Məsələn, Ərdoğanın qatı tənqidçilərindən olan məşhur rusiyalı politoloq Andrey Piontkovski bununla bağlı deyib: “Putin oktyabrın 29-da, məncə, Türkiyəni itirdi. Türkiyəni itirmək Almaniyanı itirməkdən daha dəhşətlidir... Ərdoğan Putini dəfələrlə cəzalandırıb (söyüşlə ifadə edir-C.M.). Bunun ən parlaq nümunəsi Qarabağ müharibəsidir, hansı ki, Putin qarışa bilmədi. Ərdoğan isə qardaş Azərbaycana tam dəstək verdi və Cənubi Qafqazda öz dominantlığını təmin etdi”.

Piontkovski Şuşa Bəyannaməsini də xatırladıb və daha sonra Ərdoğanın “taxıl anlaşması”yla bağlı mövqeyini tərifləyərək, onun cəsarətli siyasətçi olduğunu etiraf edib: “O, Putinlə istənilən hərbi qarşıdurmaya hazırdır. Amerikalılar Ərdoğanın səviyyəsinə yalnız bu yaxınlarda, əfsanəvi 101-ci hava-desant diviziyasını Ukrayna-Rumıniya sərhədinə göndərəndə çatıblar... Bu məsələdə mən 100 faiz Ərdoğana stavka edirəm!”

Bu arada Ukrayna Prezident Ofisinin müşaviri, tanınmış ekspert və Türkiyənin fəaliyyətini hər zaman müsbət dəyərləndirən Aleksey Arestoviç də Ərdoğanın “taxıl razılaşması” ilə bağlı qətiyyətli mövqeyini təqdir edərək, Putinin Türkiyənin qüdrətinə və Qara dənizdəki Türk donanmasının gücünə yaxşı bələd olduğunu önə çəkib: “Türkiyə bayrağı altında üzən gəmiləri batırmaq?... Buna bütün dünya cavab verəcək və ilk növbədə Türkiyə cavab verəcək. Məncə, Türkiyənin sərt danışıq mövqeyi onunla bağlıdır ki, türklər Rusiyanı anlatmağa çalışırlar – “elə cavab verərik ki, Suriyada “F-16” ilə vurduğumuz təyyarə sizə az görünər”. Onu da yaddan çıxarmayın ki, Qara dəniz ABŞ-ın 6-cı donanmasının məsuliyyət zonasıdır... Putin burada (“taxıl razılaşması”nın pozulmasında-C.M.) böyük səhv etdi – Ərdoğana “ilişdi”. Ərdoğan üçün Rusiyaya cavab vermək, ümumiyyətlə problem deyil. O, bunu Qarabağda, Suriyada, Liviyada göstərib və yenə də göstərəcək. Heç kimə sirr deyil ki, 2019-cu ildə İdlibdə Rusiya və Türkiyə orduları arasında birbaşa döyüşlər gedib və onun nəticələri heç də Rusiyanın xeyrinə olmayıb...”

Göründüyü kimi, Türkiyənin və şəxsən Rəcəb Tayyib Ərdoğanın Ukrayna müharibəsi başlayandan sonra Rusiya ilə bağlı tutduğu mövqe bəzi dairələr tərəfindən tənqid olunsa da, Türkiyə həlledici məqamlarda işğalçının deyil, sivil dünyanın yanında olduğunu əvvəllər olduğu kimi, yenə də təsdiqləyir və olduqca incə, “yüksək pilotaj” göstəricisi olan xarici siyasət yürütdüyünü ortaya qoyur. Rusiyaya münasibətdə bu siyasəti hətta “İtlə yoldaş olanın çomağı əlində gərək...” deyimi ilə də ifadə etmək olar... “Azpolitika”

AZİNFORM.AZ





up