Deputat içib dava salan media rəhbərlərindən yazdı: " Tədbiri urvatsızlaşdırdılar"
24-07-2022, 16:12

Deputat Fazil Mustafa da  Şuşada keçirilən konfransda media rəhbərlərinin içib özünü apara bilməməsinə reaksiya verdi.

AZİNFORM.AZ  xəbər verir ki, deputat onlar haqqında fikirlərini sosial media hesabında yazıb.

Deputatın statusunu təqdim edirik:

“Bir müddət əvvəl bir siyasi din tüccarı həbsxanada aclıq edəndə belə bir ifadəni tirajlamışdılar: “Nəzarətçi Allahı təhqir etdiyinə görə adam aclığa başlayıb”. Bu məmləkətdə ən qatı dinsizin dilindən belə Allahı təhqir etmək kimi bir ifadənin səslənişini gözləmədiyimiz halda, gündəmimizi zəbt edən bu “Allahın qoruyucusu” statusunu özü üçün mənimsəmiş birisinin həyasız davranışının fəqrinə varmadan eyni düşüncə şəklinin başqa istiqamətlərə yönəltməyə imkan tanıdıq. İndi də “Şuşada filankəslər içib şəhidlərimizi təhqir etdilər” ifadəsini mənəvi və hüquqi immunitetsiz sosial şəbəkə məkanımıza mənəviyyat məsələsi olaraq eyni qaydada tirajladılar. Bunlara; “Bu ölkədə içkili, içkisiz halda şəhidi kim təhqir edər və niyə də etməlidir?” kimi sualı verən varmı? Burada şəhidə aid olan nə mövzu ola bilər ki, hansısa azərbaycanlı onu təhqir etsin? Həm də bunu Şuşada etsin? Sadəcə kiminsə ürəyindən keçən ləyaqətsizliyi adiləşdirmənin yoludur bu. Əslində şəhidləri təhqir edəni məhz bu ifadəni tirajlayanların içində axtarmaq lazımdır. Necə ki, ötən gün diqqət yetirirəm ki, vaxtilə birbaşa rus canışını Polyaniçkonun himayəsi altında deputat seçilmiş birisi ağızdolusu ölkədə “5-ci kolon” təhlükəsindən danışırdı və az qala bütün vətənsevər insanları bu kolonun içinə dürtməyə çalışırdı. İz itirmənin sadə, bəsit yollarıdır bunlar.

Mənim spirtli içkiyə münasibətim tanıyanlara bəlli olduğuna görə aşağıdakı məqamı da rahatlıqla yaza bilərəm. Spirtli içkini zərərli sayıram və hər kəsə içməməyi tövsiyə edirəm. Hətta siqaretə qarşı da tutumum daha sərtdir. Bununla belə, bizim dünyəvi dövlətdə yaşadığımızı qəbul və həyati əhəmiyyətli hesab edirəm, başqa insanların həyat tərzinə qarışmağı da doğru saymıram. O halda “Şuşa kimi bir yerdə spritli içki içiblər!” təbliğatda yer alan mənəvi qadağanı anlamaqda çətinlik çəkirəm. Demək, “Bakı kimi Şəhidlər Xiyabanının, yüzlərlə şəhidin dəfn olunduğu qəbirstanlığın olduğu şəhərdə spirtli içki içmək olar, ən çox şəhidimiz olan Gəncədə, Şamaxıda içmək olar, ancaq Şuşada olmaz!” məntiqinin izahını tapa bilmirəm. Siqaret çəkmək necə olarmı? Yaxud Zəngilanda, Qubadlıda, Kəlbəcərdə necə? Oraların müqəddəsliyi bir qədər aşağıdırmı? Sabah oralara turistləri ancaq dini ritualları icra etməyə çağıracaqsınız? Şuşada məsciddən əzan səsi də gələcək, namaz da qılınacaq, bir tərəfdə də insanlar yeyib-içib əylənəcəklər! Bu qədər bəsit.

İndi Şuşada gözəl bir tədbir keçirilib, mətbuatımızın bir çox tanınmış simaları bir araya gəlib, əlbəttə, ora çağrılmayan dəyərli insanlar da olub, bunları da, narazılıqları da, razılıqları də anlayıram, ancaq nədəncə tədbiri ən azından media nümayəndələri urvatsızlaşdırmaqdan uzaq durmalıydılar. Məni maraqlandıran orada mediamızın gələcəyi ilə bağlı səsləndirilən, tövsiyə olunan əsas tezislər, fikirlərdir. Yoxsa, “kimsə masada kimləsə ucadan danışdı”, “kimsə şəhidlər haqqında dodağını büzdü” cəfəngiyyatı çağdaş medianın tamamilə qurşaqdan aşağı məsələləridir. Əlbəttə, burada tədbirlə bağlı sağlam görüşlər ifadə edən media təmsilçilərinə yönəlik hansısa irad nəzərdə tutmuram”.

 





up