Telekanalda biabırçılıq: ARB Elza üçün 60 min manat toplayır, 4 medallı Şuşa qazisi isə komadadır...
22-05-2022, 18:28

ARB kanalının müğənni, bəstəkar və hətta özünü şairə belə elan edən Elza Seyidcahan üçün 60 min manat toplanılması üçün xalqa müraciət etməsi heç də birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə də ARB tərəfindən Elza Seyidcahan üçün 60 min manatın toplanılması müzakirə və qınaq obyekti olub. Tanınmış jurnalist Əliqismət Bədəlov sosial şəbəkədə ARB kanalının absurd addımını qınayaraq ibratamiz müqayisə aparıb. Sosial şəbəkə istifadəçisi ARB rəhbərliyinə müraciət edərək sual edir ki, 4 medallı Şuşa qazisi evsiz və işsiz olduğu halda, 45-50 min dəyərində "JİP" maşını və şəhərin mərkəzində ( Xarici İşlər Nazirliyinin yanında) hər cür şəraiti olan evi, toylardan qazancı olan və hər gün bir qalmaqala imza atan bu xanım üçün pul toplaması hansı məntiqə sığır?

Azinform.az Əliqismət Bədəlovun sözükedən paylaşımını oxucularının diqqətinə təqdim edir:

“ARB telekanalının rəhbərinə!

Hörmətli həmkarımız. Səmimi etiraf edirəm ki, ARB ən çox baxdığım telekanaldır. Bu telekanal vasitəsilə müğənni-bəstəkar Elza Seyidcana 60 min manat pul toplamaq üçün xalqa müraciət olunması məni təəccübləndirdi. Çünki Elza xanımın 45-50 min dəyərində "JİP" maşını və şəhərin mərkəzində ( Xarici İşlər Nazirliyinin yanında) hər cür şəraiti olan evi, toylardan qazancı da var. Ancaq Saatlı rayonunun Genişkənd kəndində yaşayan, evi və işi olmayan, dolanmağa pul tapmayan, cənab Prezidentin sərəncamı ilə 4 medalla təltif olunan, Şuşaya qədər döyüş yolu keçmiş, müharibə başa çatdıqdan 3 ay sonra evinə yaralı qayıtmış qazi Əliyev Hikmət Fikrət oğlu ağır və dözülməz vəziyyətdə yaşayır. Onun yaşadığı "evi" sizin diqqətinizə çatdırmağı özümə borc bildim”.

Qeyd: Azərbaycan xalqını şoularla idarə etməyə çalışanlar qurduqları absurd teatrının dekorasiyalarının arxasında yaşanan faciələrdən təbii ki, xəbərdardırlar. Amma siyasətin öz qanunları var və bu qanunlar dekorasiyaları vacib element kimi qəbul edir. Bu durumda isə yəni ölkənin aparıcı telekanallarından birinin hər gün kanallarda vaxt keçirən, nə dediyini (yazdığını bir kənara qoyuruq) belə, bilməyən və hər verilişə getdiyi zaman geyindiyi paltarlarının qiyməti bir neçə orta azərbaycanlının qazancı qədər olan bir xanım üçün pul toplaması absurdun belə, sədlərini aşacaq bir hadisədir. Əgər ARB və başqa telekanallar öz auditoriyalarının imkanları sayəsində xeyriyyəçiliklə məşğul olmaq istətirlərsə, o zaman doğrudan ehtiyacı olanlara, xüsusən də qazilərə və şəhid ailələrinə köməklik göstərsinlər. Axı elzalar üçün keçirilən "xeyriyyəçilik" həm də antitəbliğata çevrilir...

pia.az





up