Məktəblilər niyə erkən yaşda evlənmək istəyir? - Psixoloqlardan AÇIQLAMA
26-05-2023, 15:37

Günay Kərimi: Təəssüf ki, bəzən valideynin özü qızlarını doğru bildiyi səhvlərə yönləndirir

AZİNFORM.AZ bildirir ki, mövzu ilə bağlı bakıvaxtı.az-a danışan psixoloq Günay Kərimi bildirib ki, hər yaş dövünün öz inkişaf mərhələsi və çətinlikləri olur: “Yeniyetməlik dövrünə çatan uşaqlarda bu dövrün çətinlikləri daha çox davranışlarında özünü göstərməyə başlayır. Bu dövrdə həm oğlan, həm də qızlarda qarşı cinsə meyl yaranır, düşüncələrdə dəyişiklik baş verir. Bəzi qızlar gələcək planlarına, məqsədlərinə, arzularına yönəlir, bunun üçün çalışırlar”.

Onun sözlərinə görə, əfsuslar olsun ki, bəziləri də sevgi, məhəbbət, evlilik kimi yanlış düşüncələrə qapılırlar. Psixoloq qeyd edib ki, əlbəttə, bu zamanlarda valideynlər hər zamankından daha çox diqqət, qayğı göstərməli, nəzarət etməli, onların pis insanların toruna düşüb səhv addımlar atmalarına yol verməməlidirlər: “Yəni burda, birmənalı olaraq valideynlərdən çox şey asılıdır. Təəssüf ki, bəzən valideynin özü qızlarını doğru bildiyi səhvlərə yönləndirir”.

G.Kərimi qeyd edib ki, nəzarətsiz, diqqətsiz, qayğısız, sevgisiz qalan qız bunu kənarda axtarmağa başlayır: “Bu da başqa insanların onu yanlış yollara çəkməsinə zəmin yaradır. Bunun olmaması üçün valideyn övladının hər addımından xəbərdar olmalıdır. Bu yaşda qızlar yanlış qərarlar verə bilər, bu normaldır. Ancaq valideyn vaxtında bu səhvləri görüb başa salmalıdır.Övladlarımızla sağlam ünsiyyət, doğru tərbiyə və dostluq münasibətləri onları edə biləcəkləri səhvlərdən uzaq tutacaq. Ona görə də, burda ən böyük səhv qızlarda deyil, onları diqqətsiz, nəzarətsiz qoyan valideynlərdədir”.

Elmir Əkbər: Erkən nikaha sövq olunan qızların valideynləri cinayət məsuliyyətinə cəlb olunmalıdır

Psixoloq, psixoterapevt Elmir Əkbər Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu hadisə gündəmin böyük hadisəsidir: “Belə hadisələr hər zaman olur. Həmin qızın müayinəsi, psixoterapevtik dəyərləndirilməsi olmalıdır. Çox böyük ehtimalla onda ciddi problemlər var, bu, normal davranış deyil”.

Onun sözlərinə görə, burda tərbiyədən əlavə, sırf psixi problemlər ola bilər. E.Əkbər qeyd edib ki, hər bir halda, problemin bir ucu da ailəyə gedib çıxır: “Valideynlər cəhalət yuxusundan ayılsınlar. Psixoterapevtin yanına getmək valideyn üçün problemdir. Fikirləşirlər ki, bu lazım deyil, amma övladlarının başına hadisələr gələndə, ağır xəstəliklərə tutulanda onlara adi gəlir. İndiki dövrdə bir çox valideyn övladının öhdəsindən gələ bilmir, nəticə də buna gətirib çıxarır. Təbii ki, burda əsas səbəb qızın ailəsindən qaynaqlanır. Sözsüz, 44 yaşlı Məşədi İbadın da hoqqabazlığı az deyil. Mən dəqiqliklə bilirəm ki, o nələr vasitəsilə buna zəmin yaradıb”.

Psixoloq qeyd edib ki, qanunvericilikdə bununla bağlı boşluqlar var: “Azərbaycanda erkən nikaha sövq olunan qızların valideynləri ağır cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bir yerdə erkən nikah olanda hamı bilir, amma gizlədilir. Bu işə aidiyyatı olan, məsuliyyət daşıyan bütün məmurlar və digərləri ağır cinayətə cəlb olunmalıdır”.

“Bu, mübarizə üçün çox vacib şərtdir. Əlavə olaraq, bütün bunların qarşısını almaq üçün doğru-düzgün psixoloji maarifləndirmə olmalıdır”, - deyə Elmir Əkbər vurğulayıb.





up