“Deputatlar döyüşə gedənlərin heç birindən artıq deyil“ — Siyavuş Novruzov
24-09-2022, 16:03

“44 günlük Vətən müharibəsi başlamamışdan öncə, yəni Tovuz döyüşündən sonra rəsmi şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdim. Yəni, kifayət qədər təcrübəm olduğu üçün döyüşlərdə könüllü iştirak etmək istəyimi bildirdim. Hər zaman istəmişəm ki, Vətən torpaqlarının azad olunmasında mən də iştirak edim. Qeyd edim ki, müraciətim hələ də oradadır və hər an Vətənimin müdafiəsinə hazıram“.

AZİNFORM.AZ xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

“Hər bir deputat hər şeydən öncə Azərbaycan vətəndaşıdır. Bu torpağın, vətənin övladıdır. Torpağı, vətəni qorumaq hər bir şəxsin kimliyindən, tutduğu rütbəsindən, vəzifəsindən, məqamından asılı olmayaraq birinci növbədə borcudur. Deputatlar döyüşə gedənlərin heç birindən artıq deyil! Buna görə də, kim istəyirsə, Vətənin müdafiəsində iştirak edə bilər və iştirak etməlidir də. Əgər qanun onlara hər hansı bir güzəştlər veribsə, bu, o demək deyil ki, bu güzəştləri əsas götürsün. Əgər təcrübəsi varsa, gedib Vətənin müdafiəsində iştirak etməlidir. Yoxsa orada kor-koranə gedib iştirak etməsinin ölkəyə heç bir əhəmiyyəti yoxdur və ölkəyə xeyir verə bilməz“.





up