Bakı Apellyasiya Məhkəməsində prokurorun şikayəti əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən sabiq polis əməkdaşı Tural Mahmudovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
AZİNFORM.AZ xəbər verir ki, hakim Rəşad Abdulovun sədrlik etdiyi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünü (azadlığın məhdudlaşdırılması) ittiham tərəfi üçün çox yumşaq hesab edərək, tamamilə ləğv edib.
Məhkəmənin hökmü ilə Tural Mahmudov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək 4 il 6 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş polis zabiti məhkəmə zalında həbs edilib.
Xatırladaq ki, Tural Mahmudov Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İstintaq orqanı onu Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edib.
İbtidai və məhkəmə istintaqı zamanı həbsdə olan Tural Mahmudov may ayında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) növündə cəza alaraq azadlığa buraxılıb.
Həbs edilən şəxs əvvəllər Salyan rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməliyyatçısı, həmçinin pasport qeydiyyatı şöbəsinin rəisi olub. O, 2018-ci ildə polisdən qovulub.