Bütün dünyada olduğu kimi ölkəmizdə də tanınmış insanlar zaman-zaman cinayət məsuliyyətinə cəlb olunurlar.
Ümumiyyətlə, həbs olunan bəzi şou-biznes nümayəndələrinin bir çoxları və onların qohumlarının, eləcə də meyxanaçıların adı müxtəlif qanun pozuntularının icrasında tez-tez hallanır. Bu siyahıya narkotik istifadə edən, borcu olan, adı fırıldaqçılıqda hallanan, zor tətbiq edən və insan alverində ittiham olunan məşhurlar aiddir.
AZİNFORM.AZ həbsxana həyatı yaşayan azərbaycanlı məşhurlarla bağlı kiçik araşdırma aparıb.
Başlayaq mərhum meyxanaçı Bayram Kürdəxanlıdan. O, 2014-cü il iyulun 12-də Sabunçu rayonu Bakıxanov qəsəbəsində, “Nilufər” şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanılıb. 14 noyabr 2014-cü ildə Sabunçu Rayon Məhkəməsi Bayram Kürdəxanlıya təqsirləndirildiyi maddə üzrə 1 il həbs cəzası verib. 3 fevral 2015-ci ildə isə həbsdən azad edilib. Meyxanaçı azadlığa çıxandan 1 il 6 ay sonra faciəli şəkildə dünyasını dəyişıb.
Azərbaycanı ilk “Eurovision” mahnı müsabiqəsində təmsil edən müğənni Samir Cavadzadə dostu Elvin Hüseynovu bıçaqladığına görə həbs olunub və iki ilə yaxın dəmir barmaqlıqlar arxasında yatıb.
Maral Tahirqızı isə əxlaqsızlıq yuvaları təşkil etmə maddəsi ilə təqsirli bilinib və o, 2015-ci ildə Cinayət Məcəlləsinin 244-ci (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə ittiham edilərək barəsində 3 il müddətinə azadlıqdan məhrum edilib. O, 2017-ci ilin oktyabr ayında həbsdən azad edilib.
Tanınmış rejissor Aqil M.Quliyev 2013-cü ildə 1 il 6 ay müdətinə həbs cəzasına məhkum edilib. Buna səbəb rejissorun aldığı pulu geri qaytarmaması olub.
Məhkumluq həyatı yaşayan tanınmışların sırasında idmançılarımız da var.
Belə ki, peşəkar boks üzrə dünya çempionu Fariz Məmmədov Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə qanunsuz silah saxlama, əldəetmə, hədə-qorxu ilə tələbetmədə ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.
Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilən peşəkar futbolçu Cavid Hüseynov 2015-ci ildə həbs edilərək 1 il 2 ay müddətində azadlıqdan məhrum edilib.
Kikboks üzrə dördqat dünya çempionu Anar Süleymanov da həbs olunanlar sırasındadır. O, 2019-cu il fevralın 15-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsinə əsasən 20 gün müddətinə inzibati qaydada həbs olunub.
Məhkumluq həyatı yaşayan məşhurların sırasında teleaparıcı İlham Mirzəyev isə direktoru olduğu “İlhamed” tibb mərkəzində vətəndaşa yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəməkdə ittiham olunub. İ.Mirzəyev 2014-cü ilin aprel ayında Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan onun cəzası 3 il 6 aya endirilib. Amma buna baxmayaraq, teleaparıcı vaxtından əvvəl – 2016-cı ildə azadlığa buraxılıb.
Tanınmış reper Elşad Xose isə narkotikdən müntəzəm istifadə etdiyinə görə, həbs olunub və bir müddət məhkumluq həyatı yaşayıb.
Daha bir reper, mərhum Hüseyn Dərya da narkotik istifadə etməsi səbəbindən həbsdə yatıb. Bir neçə dəfə eyni əməli təkrarladığına görə həbs olunan reper 2014-cü ilin martında dünyasını dəyişib.
Tanınmış prodüsser Təranə Səmədova oktyabrın 30-da Nərimanov Rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə 1 il müddətinə azadlıqdan məhrum edilib. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunub.
Müğənni Fədayə Laçın da həbs olunan məşhurlar arasındadır. O, oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirli bilinərək məhkumluq həyatı yaşayıb.
Bu ilin fevral ayında Müğənni Manaf Ağayev və iş adamı Sənan Hüseynov həbs olunublar. Onların barəsində Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.
Belə ki, hər iki şəxs icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər ediblər. Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.
Cavid Sumqayıtlı kimi tanınann Cavid Babaşov da həbs olunan tanınnmışların sırasındadır.
Rəsmi məlumata görə, meyxanaçının üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.
Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin dövriyyəsi qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham elan edilərək, barəsində həbs qətimkan tədbiri seçilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Cavid Babaşov narkotik satışında təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.