Dövlətlərin bir-birinə sırf dini identiklik və ya soy-kök eyniyyəti prizmasından qahmar çıxması, əslində, yanlışdır. Belə olmalı deyil. Bu qlobal miqyasda qəbilə təfəkkürü deməkdir.
AZİNFORM.AZ Yeni Müsavata istinadən Xalid Kazımlının yazısını təqdim edir.
Biz Avropa dövlətlərinin Qarabağ münaqişəsinə dindaşlıq müstəvisində yanaşmasının əziyyətini çox çəkmişik. Məsələn, 700 mindən artıq Azərbaycan türkü Ermənistandakı ev-eşiyindən, Qarabağdakı yurd-yuvasından didərgin düşəndə cəbhənin o biri tərəfindəki zülmkarlar xristian ermənilər olduğu üçün xristian Avropa susdu, zülmə məruz qalanların tərəfində durmadı.
Bu, açıq-aşkar faktdır və artıq mübahisə predmeti deyil. Bir ay əvvəl sayca bizim qaçqın-köçkünlərdən 10 dəfə az olan erməni əhalisi hansısa məkrli niyyətlə, heç bir ehtiyac, hədə, zorakılıq olmadan, Qarabağı könüllü şəkildə tərk edəndə Avropada böyük haray-həşir qopdu və o ajiotaj hələ də səngiməyib. Çünki "əzilənlər" xristian idilər.
Yəni "müharibə aparan tərəfin biri dindaşımızdır, ona görə də mütləq onu dəstəkləməliyik" prinsipi hökmran olan yerdə heç bir beynəlxalq qanundan, haqq-ədalətdən, bəşəri dəyərlərdən danışmaq mümkün deyil. Bəlkə sənin dindaşın təcavüzkardır, qətliamlar, terror aktları törədir, genosid siyasəti yeridir, bu zaman ona dəstəkləyərək hərbi cinayətə ortaq olacaqsan?
Bu, sağlam məntiqə uyğun deyil. Əsas məsələ odur ki, bir dövlət hər hansı bir konflikt zamanı ilk növbədə öz maraqlarını nəzərə alsın, xalqını böyük təhlükələr qarşısında qoymasın və ədalətli, obyektiv olsun, bəşəri dəyərləri gözardı etməsin.
İsrail və Qəzza sektorunda hakimiyyətdə olan HƏMAS arasında gedən müharibə bir sıra dövlətləri seçim qarşısında qoyub və onlar sırf öz maraqları və dini təəssübkeşlik (və ya ksenofobiya) motivləri ilə tərəf tutublar.
Müsəlman ölkələri HƏMAS-ın oktyabr ayının 7-də qəfildən hücum edərək İsrailin 1400-dən artıq dinc sakinini qətlə yetirməsinə, 250-dən çox məsum insanı girov götürməsinə vurğu etmədən İsrailin terrora verdiyi ağır cavabı - Qəzzanı bombalamasını, günahsız insanların ölümünə bais olmasını şiddətlə qınayırlar.
Xristian ölkələri isə müsəlmanlara mənfi münasibətləri üzündən HƏMAS-ın hərbi cinayət törətməsiniə vurğu salır, İsrailin öz bombardmanları ilə 3 qat artıq dinc insanı qətlə yetirməsini gözardı edirlər. Sanki İsrail dinc insan itkisinə məruz qaldığı üçün eyni sayda və ya daha artıq çoxluqda mülki adamı öldürmək üçün haqq qazanıb.
Bu məsələnin düsturu isə bəsitdir: üzünə tuşlanan "Kalaşnikov"un gülləsindən ölməklə yaşayış binasına çırpılan 7 metrlik raketin qəlpələrindən ölmək arasında heç bir fərq yoxdur. İkisi də faciədir və ikisi də hərbi cinayətdir.
Ancaq bir çox dövlətlər döyüşən tərəflər arasında ayrı-seçkilik edir, fərq qoyur və eyni cinayəti törədənlərdən birini haqlı, o birini haqsız elan edirlər.
Azərbaycan nadir dövlətlərdəndir ki, Yaxın Şərqdəki savaşa münasibətində sülh və haqq-ədalətdən yanadır, nə HƏMAS-ın terroruna haqq qazandırır, nə də terrorçuları məhv etmək istərkən minlərlə məsum insanın qanını tökən bombardmançı tərəfə - İsrailə.
Bununla yanaşı, Azərbaycan Fələstin xalqının BMT-nin qərar-qətnamələrinə uyğun olaraq öz milli dövlətini qurmaq, azad yaşamaq haqqına hörmət edir, onu dəstəkləyir, eyni zamanda çox əlverişsiz bir coğrafi regionda məskunlaşan İsrail xalqının mövcud olmaq, təhlkəsiz yaşamaq hüququnu tanıyır:
Fəqət qardaş Türkiyədə belə bu optimal, ədalətli mövqe tənqid predmeti ola bilir. Bu ölkənin bəzi media quurmlarında və sosial şəbəkələrdə Yaxın Şərqdəki müharibəyə münasibətinə görə Azərbaycanın ünvanına əsassız ittihamlar səslənir. Hətta bəzi dairələr və ayrı-ayrı KİV qurumları məsələnin mahiyyətinə varmadan Azərbaycanın ünvanına tənqid və təhqirlər səsləndirirlər.
Yaxşı, nəyə görə? Fələstinlilərlə eyni dinə etiqad edirik, ona görəmi?
Birincisi, İsrail-HƏMAS savaşı din müharibəsi deyil, ərazi, torpaq ixtilafıdır, Yaxın Şərqdə mövcudluq uğrunda mübarizədir. Bu, din savaşı olsaydı, qanı, dili, dini, məzhəbi bir olan ərəb dövlətləri cihad elan edər, öz əhalisini "din qardaşlarının haqq işinə", "müqəddəs savaşı"na kömək etməyə çağırardılar.
Məlum olduğu kimi, ərəb dövlətləri cihad elan etməyiblər və bu məsələdə çox təmkinli davranır, radikal çağırışlar etmirlər, əməli işə keçmir, hərbi kampaniyaya start vermirlər. Bu işdə maraqlı olan, müsəlman dövlətlərini təmərküzləşdirərək İsrailin üzərinə qaldırmaq istəyən dövlət İrandır. O da bunu "din qardaşlarının haqqı" üçün etmir, regional liderliyə can atdığı üçün edir. Tehrana görə, Yaxın Şərqdə İsrail adlı dövlət olmamalıdır.
İkincisi, İrandan başqa heç bir dövlət, o cümlədən Azərbaycan HƏMAS-dan xahiş və ya tələb etməmişdi ki, o, hərbi gücünün qeyri-bərabər olduğunu nəzərə almadan, avantürist bir hərbi plana başlasın, sonra da ona fitva verənlərdən dəstək gözləsin.
Tutaq ki, heç HƏMAS deyil, başqa bir müsəlman ölkəsidir və bir gün onun liderləri ABŞ-a hücum etmək qərarına gəlirlər, biz isə sözə "bismillah"la başladığımız və ya yas yerində "Yasin" və "Fatihə" surələri oxuduğumuz üçün bu avantüraya qoşulmalıyıq?
Üçüncüsü, uzun illər biz də başqa dinə etiqad edən xalqın təsis etdiyi aqressiv dövlətin, eləcə də ona dini təəssübkeşlik motivi ilə havadarlıq edənlərin açıq aqressiyasına, zülmünə, işğalına, qətliamına məruz qalmışıq. O zaman indi Fələstinə görə özünü ülgücləyən İran və başqa müsəlman dövlətləri, o cümlədən ərəb ölkələri harada idilər? O zaman bizim müsəlmanlığımız yada düşmürdü, amma indi düşür?
Göründüyü kimi, ünvanımıza səslənən ittihamlar sağlam məntiqin qarşısında dayanıqlı deyil.
Biz Fələstin xalqını müsəlman olduğu üçün yox, 75 ildən çoxdur əzildiyi, öz dövlətini qurmaq yolunda dinc insan itkisinə məruz qaldığı üçün müdafiə edirik, eyni zamanda onu təmsil edən ayrı-ayrı təşkilatların da dinc insanlara hücum edib qətliam törətməsini qəbul etmirik.
Azərbaycan dövləti hər zaman haqq-ədalətdən yanadır, öz müqəddaratını heç bir formada həll etməmiş çoxsaylı xalqların bu haqqını tanıyır, eyni zamanda dövlətlərin ərazi bütövlüyü hüququna etinasız yanaşmır.
Fələstinin muxtariyyatı və Livan dövləti həmişə haqsız Ermənistana dəstək verdiyi halda Azərbaycan həm Fələsinin müstəqllik haqqını, həm də Livan-İsrail qarşıdurmasında Livanın ərazi bütövlüyünü dəstəkləyib. Eyni meyar Suriyaya da aiddir. Hərçənd bu dövlət də zaman-zaman ermənilərə qahmar çıxıb.
Sabah İngiltərə Fransanın ərazisini amputasiya etsə, Azərbaycan Fransanın siyasətindən son dərəcə narazı olsa da, onun ərazi bütövlüyünə dəstək ifadə edəcək.
Başqa sözlə, əsas məsələ doğru prinsipləri, haqq-ədaləti müdafiə etməkdir.
Ona görə də qoy bizi ittiham edənlər həm tarixi yaxşı oxusunlar, həm də dünyanı min illər əvvəl olduğu kimi din savaşlarına soxmaqdan çəkinsinlər. Nə xaç yürüşlərinin vaxtıdır, nə də qılınc gücünə din yaymaq dövrüdür.
AZİNFORM.AZ