Casusluqda ittiham olunan iş adamının köməkçisi: “Babək Səmidli xahiş etdi ki, Fərhad Əhmədov səsini yazsın“
23-11-2022, 16:04
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Məşhur azərbaycanlı iş adamı Fərhad Əhmədovun köməkçisi Ruhəngiz Seyidova son günlər biznesmenə qarşı irəli sürülən ittihamlarla bağlı sualları cavablandırıb.

AZİNFORM.AZ manset.az-a istinadən xəbər verir ki, o, şəhid polkovnik Babək Səmidlinin məlum səs yazısının Fərhad Əhmədov tərəfindən yazıldığını təsdiq edib: “Babək Səmidli özü xahiş edib ki, Fərhad müəllim onun səsini yazsın. O başa düşürdü ki, müharibədir, hər an hər şey ola bilər. İstəyirdi ki, səsi yazılsın və sonra onun ailəsinə verilsin. Müharibə ilə bağlı bir sıra düzgün məlumatlar yazılsın və lazım olarsa, cənab Prezidentə çatdırılsın”.

R.Seyidova F.Əhmədovun Rusiyaya casusluqda günahlandırılması iddialarını isə təkzib edib: “Fərhad müəllimi Rusiya casusu adlandıran adam şəxsən özü casusdur, bunu deyə bilərəm. Göyçaydan aralanmayan bir adam casus ola bilərmi?! 44 günlük müharibə zamanı mən onun köməkçisi kimi orduya yardım göndərilməsi barədə ondan o qədər tapşırıqlar alırdım. Babək Səmidlinin Fərhad müəllimi Suqovuşana dəvət etməsinin səbəbi təşəkkürlə bağlı olub ki, buyurun gəlin baxın nələr baş verir, erməniləri necə əzirik”.

R.Seyidova şefinin Dövlət Təhlükəsizliyi Xidmətində nəyə görə dindirilməsi məsələsinə də aydınlıq gətirib: “Hazırda evdədir. Səhhəti də çox gözəldir. Onun saxlanılması barədə xəbərlər səhv məlumatdır. O saxlanılmayıb, şahid kimi Dövlət Təhlükəsizlik Xidmətinə dəvət olunub. Babək Səmidlinin yayılmış səs yazısı ilə bağlı sadəcə şahid qismində söhbət edilib. Onu tutub, əllərini qandallayıb aparmayıblar. Ev dustaqlığının verildiyini deyirlər… Ev dustağı necə rayona gedə bilər, Bakıya qayıda bilər? Azərbaycan ərazisinin tərk edilməməsi ilə bağlı tapşırıq? Bu da cəfəngiyyatdır. O, ölkədən kənara çıxmayacağına dair sənəd filan imzalamayıb”.

Xatırladaq ki, Babək Səmidli müharibə bitəndən sonra, 23 noyabr 2020-ci ildə minaya düşərək şəhid olub.





up