Ramiz Mehdiyev Fərhad Əhmədova necə dəstək verib? - Hüngütlü kəndindən başlayan "dostluq"
22-11-2022, 17:05
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Bir neçə gün öncə azərbaycanlı milyarder Fərhad Əhmədovun Göyçayda yerləşən villasında və ona məxsus obyektlərdə axtarışlar aparılıb.

Ölkə gündəmində şok efekti yaradan bu xəbərin ardından milyarder ətrafında baş verənlərlə bağlı müxtəlif ehtimalllar səsləndirilib. Onun villasında və rəhbəri olduğu AzNar şirkərində gözlənilməz axtarışlarla bağlı hələlik rəsmi açıqlama verilməsə də, olayla bağlı mediaya sızan informasiyalar məsələnin ciddiliyindən xəbər verir. 

Maraqlıdır, Fərhad Əhmədovun gözlənilməz süqutunun əsas səbəbləri nədir?

Bu barədə onun vəkili, “Varidat” Hüquq Firmasının təsisçisi Nail Şahverdiyev susur. Lakin istintaqa gizli deyil ki, Nail Şahverdiyev Fərhad Əhmədovla bağlı bütün gizli sualların açarıdır.

Sualın cavabı hesab ediləcək təfərrüatlardan öncə isə onu yaxından tanımağa çalışaq.

Kimdir, Fərhad Əhmədov?

5 sentyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlığı o vaxt atasının işlədiyi Göyçay şəhərində keçib və orta məktəbi də həmin rayonda bitirib. Atası Tofiq Əhmədovun həbsindən sonra Fərhad Əhmədov 1971-ci ildə on beş yaşındaykən Azərbaycanı tərk edərək Moskvaya köçür. 90-cı illərdən etibarən Rusiyanın biznes dairələrində parlayan Fərhad Əhmədob 1995-ci ildə Şimali Sibirdə qaz yataqlarını işləyən "Nortqaz" şirkətinə minoritar səhmdar kimi daxil olur; eyni zamanda FARCO Securities investisiya şirkətinin Direktorlar şurasına rəhbərlik edir (1995–1998-ci illər). 2002-ci ildə isə "Nortqaz" QSC-nin Direktorlar şurasına rəhbərlik edir. Daha sonra isə "Nortqaz" QSC-ni 1.4 milyard dollara QazProm şirkətinə sataraq "narazı" şəkildə Rusiya bazarını tərk edir...

Amma bu narazılıq uzun sürmür...

Sonra Rusiya ilə razılaşaraq geri dönür. Bu dəfə "Magnit" və bir çox başqa şəbəkələrin səhmdarı kimi.

Fərhad Əhmədov dünyanın 1567-ci və Rusiyanın 66-cı ən varlı adamıdır. ABŞ hökuməti və Aİ Fərhad Əhmədov barəsində Rusiyanın Ukraynada hərbi əməliyyatları fonunda sanksiyalar tətbiq edib. F.Əhmədov eyni zamanda Azərbaycanda təbii meyvə şirəsi istehsalçısı olan AzNar şirkətinin rəhbəridir.

O, harada səhv edib?

İndi çoxlarını bu sual maraqlandırır. Çünki onun şəxsi villasında və Göyçaydakı bütün obyektlərində axtarış aparılması yalnız ciddi səbəblərlə bağlı ola bilər.

Gundem.az -ın əldə etdiyi məlumatlara görə, milyarder Fərhad Əhmədov təzadlı adamdır.

O bir yandan "milli" tezislərlə çıxış edir, digər tərəfdən adı Azərbaycandakı “5-ci kolon”la hallanan Ramiz Mehdiyevlə sövdələşməyə gedir.

Bu barədə daha sonra...

Hələlik isə bəzi hadisələr arasındakı əlaqələri tapmağa çalışaq. Əvvəlcə rayon prokurorluğunda ifadəsi alına və istintaq altında olan Göyçay rayonunun keçmiş icra başçısı Mehdi Səlimzadənin təşkilatçılığı ilə keçirilən "Nar" bayramında Ramiz Mehdiyev və onun kürəkəni İlham Əliyev iştirak edir. Daha sonra isə Fərhad Əhmədov tərəfindən Ramİz Mehdiyevə pul transferi baş tutur.

Belə ki, Ramiz Mehdiyevin Göyçay rayon Hüngütlü kəndində yerləşən villası və adıçəkilən kənddəki təxminən 100 hektarlıq nar bağı Fərhad Əhmədova satılır. Hansı qiymətə? Dəyərindən dəfələrlə baha qiymətə!

Maraqlıdır ki, Göyçayda sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olan dəbdəbəli villanın da hazırkı sahibi məhz Fərhad Əhmədovdur.

Bu və digər faktlar isə Fərhad Əhmədovun heç də göründüyü kimi təkcə bizneslə məşğul olmadığını təsdiqləyir. 

Onun arzuolunmaz siyasi əlaqələri və fəaliyyətinin yüksək dairələrdə xoş qarşılanmadığı mümkün ehtimallardandır. Fərhad Əhmədovu hədəfə gətirən isə onun həm də beynəlxalq aləmdəki hazırkı çətin durumudur.

Rusiyanın dostu, Qərbin düşməni

Fərhad Əhmədov nə qədər biznesmen kimi tanınsa da, onun Kremlə bağlı olduğu heç kəsdə şübhə doğurmur. Görünür, elə bunun nəticəsidir ki, 2022-ci ilin aprel ayında Avropa İttifaqı Rusiyanın Ukraynaya hücumu ilə bağlı Fərhad Əhmədova qarşı sanksiya tətbiq etdiyini elan edib. Sanksiya çərçivəsində may ayında Almaniyanın Hamburq limanında Fərhad Əhmədova məxsus “Luna” yaxtasına həbs qoyuldu. 

Qeyd edək ki, ümumi sərvəti 1.36 milyard funt sterlinq dəyərində qiymətləndirilən 66 yaşlı Rusiyalı milyarderin yaxtasının qiyməti 400 milyon dollardır. Hadisələrin əsas diqqət çəkən məqamı isə Fərhad Əhmədova qarşı sanksiyaların səbəbidir. Avropa İttifaqını bu addımı atmağa sövq edən səbəb milyarderin Kremllə yaxın əlaqələridir.

Fərhad Əhmədovun Kremllə yaxın əlaqələrinin sübutu onun Azərbaycandakı qaranlıq siyası gedişlərinə də işıq sala bilər. Hər halda Fərhad Əhmədovun arxasındakı güclərin kimliyi və ondan Azərbaycana qarşı hansı məqsədlərlə istifadə edə biləcəkləri bu personaya haqlı inamsızlıqlar yaradır.

Bütün bu və digər məqamlarla bağlı təfərrüatlar isə müvafiq dövlət qurumlarının rəsmi açıqlamalarından sonra bəlli olacaq. Gözləyək...





up