Çeçenistan lideri təkcə psixiatriya deyil, həm də stomatologiya "uzmanı"dır...
29-06-2022, 03:53

"Olaf Şolts şizofrenikdir, Co Baydenin başı yaxşı qavramır, Putin isə gümrah və amiranə ovaqatdadır..."
Kadırov...stomatologiya qarşısında xidmətlərinə görə mükafatlandırılıb.
 
Çeçenistan lideri Ramzan Kadırov "Stomatologiya qarşısında xidmətlərinə görə" I dərəcəli ordenlə təltif edilib. Peşə mükafatının verilməsi barədə qərar Rusiyanın Stomatologiya assosiasiyası tərəfindən verilib. Mükafat Qroznı şəhəri 1 nömrəli stomatoloji poliklinikanın açılışı zamanı təqdim edilib.
 
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Kadırov özünün "V kontakte" sosial şəbəkə səhifəsində məlumat verib.
 
"Tədbirin gedişində Çeçenstan Respublikasının  stomatoloji xidmətinin inkişafında tövhəmə görə  mənə Stomatoloji Assosiasiyası adından "Stomatologiya qarşısında xidmətlərinə görə" I dərəcəli orden təqdim edilib.
 
Mən poliklinikanın yeni binasının tikintisində iştirak edənlərin hamısına səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Poliklinikanın kollektivinə uğurlar və peşə nailiyyətləri arzulayıram", - Çeçenistan lideri yazıb.
 
Buna cavab olaraq Kadırov poliklinikanın baş həkimi Yunus Umarovu Çeçenistanın ali mükafatı-Kadırov ordeni ilə təltif edib.
 
"Mən Respublika stomatologiya poliklinikasının baş həkimi Yunus Umarovu böyük məmnuniyyətlə Kadırov ordeni ilə təltif etmişəm. Həmçinin poliklinikanın rentgen-laborantı Rovzan Algiriyevaya Çeçenistan Respublikası rəhbərinin Təşəkkürnamə məktubunu təqdim etmişəm", - Çeçenistan lideri məlumat verib.
 
Məlumdur ki, stomatologiya ilə yanaşı, Kadırov təbabətin psixiatriya sahəsində də özünü göstərə bilib. Belə ki, o, dəfələrlə bəyan edib ki, Almaniya kansleri Olaf Şolts şizofreniya xəstəsidir, ABŞ prezidenti Co Baydenin isə başı yaxşı qavramır.
 
Kadırov həmçinin Rusiya prezidentinin də sağlamlıq vəziyyəti haqqında fikir yürüdüb. Bu yaxınlarda Çeçenistan lideri Vladimir Putinin xəstəliyi barədə şayiələri təkzib edib və Putinə telefon danışığı zamanı diaqnoz qoyub. Kadırov əmin edib ki, Putin "gümrah və amiranə" ovqatdadır. Bədxah dövlətlərə isə Kadırov "ağızlarını yummağı" tövsiyə edib.
 
Kadırov insan hüquqlarının ciddi pozulmasına görə sanksiyalar siyahısına salınıb. Sanksiyalar həmçinin onun həyat yoldaşı Medni Kadırovaya, qızları Ayşat və Karinaya da şamil edilib, o cümlədən ABŞ ərazisində ölkəyə giriş və ölkədən çıxışa, işgüzar təmaslara qadağanı, habelə aktivlərin dondurulmasını nəzərdə tutur.






up