Putini tərifləməklə milyonlar qazanır - “Dəmir kukla”
15-06-2022, 21:22
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Rusiya ilə Ukrayna arasında fevralın 24-də başlayan müharibə döyüş meydanı ilə yanaşı, informasiya müstəvisində də davam etdirilir. Hərbi əməliyyatlar həm də təbliğat müharibəsi səhnəsinə çevrilib.  

 Qərb dünyasının birləşib Moskvanı sanksiyalar məngənəsində boğmağa çalışdığı bir vaxtda Rusiya telekanalları müharibəni televiziya ekranlarında tamamilə başqa cür təqdim edir, yerli tamaşaçılara təhrif olunmuş informasiyaları çatdırır. Rusiyanın təbliğat maşınının önündə Prezident Vladimir Putinin “dəmir kuklası” adlandırılan Olqa Skabeyeva dayanır.

 AZİNFORM.AZ xəbər verir ki, Putinin Ukraynada başlatdığı xüsusi əməliyyatların təbliğatını aparan Rusiya televiziyasının aparıcı son vaxtlar xüsusilə diqqət çəkir. Müharibənin başlaması ilə o, Kremlin ən fəal təbliğatçısına çevrilib.

 Hələ müharibə başlamamışdan əvvəl Putinin “dəmir kuklası” Olqa Skabeyeva Kremlpərəst çıxışları ilə seçilirdi. 

 Olqa hazırda əri Yevgeni Popovla birlikdə əsassız sui-qəsd nəzəriyyələri yayır, Moskvanın müharibə uğurlarını şişirdir, Kremlin Ukraynadakı “nasistlər”lə bağlı yalanlarını “tutuquşu” kimi qələmə verir, Üçüncü Dünya Müharibəsi və Qərbə təhdidlərlə əlaqədar xəbərdarlıqlar edir.

 Nəticədə, o, həmkarlarının da qınağına tuş gəlib. Tənqidlərə, hətta sosial şəbəkə hesablarında tirajlanan təhqirlərə rəğmən, “dəmir kukla” öz missiyasını davam etdirərək, Kremlin hərbi cinayətlərinə haqq qazandırır.

 

Olqa Skabeyeva bu yaxınlarda çalışdığı televiziya kanalında Ukraynada döyüşən iki britaniyalı barədə separatçıların çıxardığı ölüm hökmünü "müsbət" hadisə kimi qiymətləndirib. Həmin verilişdə Britaniya hökuməti sərt tənqid olunub. Bildirilib ki, Britaniya əsir düşən vətəndaşlarına kömək üçün heç nə etmir. 

 Rusiyalı tənqidçilərin fikrincə, bütün bunlar Skabeyevanın Putini dəstəkləməsinin və Kremlin Rusiya televiziyasında partiya xəttini təbliğ etməsinin ilk nümunələri deyil.

 Rus jurnalist əslində karyerasını bununla qurub. Beləliklə o, Rusiyada öz şöhrətini və sərvətini hakimiyyət nümayəndələrini tərifləməklə qazanıb. Onun həyat yoldaşı, Putinin başqa bir sözçüsü Rusiya-1 kanalında "60 dəqiqə" sosial və siyasi tok-şouya aparıcılıq edir.

 1984-cü ildə Sovet İttifaqında anadan olan Skabeyeva Sankt-Peterburq Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb, 2008-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Karyerasına yerli qəzetdə başlayıb və 2012-2013-cü illərdə Pussy Riot məhkəmələrini, hökumət əleyhinə paralel mitinqləri və daha sonra Rusiya müxalifətinin tərəfdarlarına qarşı cinayət araşdırmalarını tərifləməklə adından söz etdirib.

 Skabeyevanın hökumət əleyhinə mitinqləri işıqlandırması onu Rusiya dövlət televiziyasının “xüsusi əməliyyat qüvvələri” kimi xarakterizə edən televiziya tənqidçiləri tərəfindən diqqət çəkib.

 O zaman Skabeyevaya Putinin “dəmir kuklası” ləqəbi verilib. Daha sonra 2018-ci ildə Skabeyeva İngiltərənin Solsberi şəhərində Sergey və Yuliya Skripalın "Noviçok" qazından zəhərlənməsi ilə bağlı Britaniya təhqiqatını gözdən salmaq üçün səylərə qoşulub. 2016-cı ildən həyat yoldaşı Popovla birlikdə təqdim etdiyi “60 dəqiqə” verilişində başqa qəribə iddialar da yer alıb.

 Proqramda iddia olunub ki, Malayziya Hava Yollarına məxsus MH17 reysi əslində Ukrayna təyyarəsi tərəfindən məhv edilib. Bununla belə, hamılıqla qəbul edilən fakt ondan ibarətdir ki, təyyarə Ukraynadakı Rusiyayönlü separatçıların nəzarətində olan ərazidən buraxılan raketlə vurulub.

Skabeyeva, həmçinin Ukraynanın şərqindəki Donbass bölgəsində rusdillilərə qarşı soyqırımın törədildiyini iddia edib. Bu iddia Kremlin son vaxtlar Putinin Ukraynaya müdaxiləsinə haqq qazandırmaq üçün irəli sürdüyü ritorikadır.

 “60 dəqiqə” şoularında 2014-cü ildə inqilabdan sonra hakimiyyətə gələn qərbyönlü Ukrayna hökuməti də “faşist” kimi xarakterizə edilir. Skabeyevanın əri Popovla dəqiq nə vaxt tanış olub evləndiyi bəlli deyil, lakin onlar hazırda 300 milyon rubl (4 milyon dollar) sərvətlə Rusiyanın ən zəngin təbliğatçıları sırasındadırlar.

 Onların sərvətləri həbsdə olan Rusiya müxalifətinin lideri Aleksey Navalninin təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) apardığı araşdırma nəticəsində üzə çıxıb. 

 “The Insider” nəşrinin məlumatına görə, Putinin təbliğatçısı ildə 12,8 milyon rubl, onun əri Popov isə 12,9 milyon rubl qazanır. Cütlüyün bəyan edilən yeganə gəlir mənbələri dövlətə məxsus Rusiya media şirkəti və “Russia1” kanalıdır.

 Cütlük bu qədər yüksək maaş aldıqlarını inkar edərək yerli mediada yayılmış xəbərə qəzəbli reaksiya verib.

 Bununla belə, Moskvanın xüsusi əməliyyatları nəticəsində Skabeyeva təbliğatı daha da gücləndirib. Aparıcı Putinin planını “Donbasdakı xalqı nasist rejimindən qorumaq” cəhdi kimi qiymətləndirib və Moskvanın ölkəyə öz qüvvələrini göndərmək qərarını “şişirtmədən, tarixin çox mühüm mərhələsi” adlandırıb.  /modern.az/

AZİNFORM.AZ





up