“Səhhətim bir gün yaxşıdır, bir gün pis. Günlərimi sayıram, artıq 85 yaşım var. Xalqın dərdinə dözə bilmirəm, görün nə qədər şəhidlər vermişik. 2 gündür ürəyim dağa dönüb, cavan-cavan uşaqlarımız şəhid olur. Allah düşmənin bəlasını özü versin, ölkəmizi qorusun. Mənim oğlumun biri hərbi xidmətdə olarkən rəhmətə getdi. Yoldaşlarına yazırdı ki, “bir erməni komandirimiz var, əlinə güllə versələr bütün müsəlmanları qırar”. Oğlum erməninin bəlasına gəldi. Dedim ki, ay bala elə birinci şəhid sən oldun. Gör neçə il bundan əvvəl dünyasını dəyişib”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa, əməkdar artist Xanım Qafarovanın anası Gövhər Qafarova deyib. O, daha sonra əlavə edib.
“Bir dənə övlad istəyirdi, deyirdi ki, “ay ana, toylara gedirəm, o ona deyir ki, qızın üçün olsun, bu ona deyir ki, oğlun üçün olsun. Mən o sözü eşitmirəm. Nə olur-olsun, övlad istəyirəm. Ona qalsa idi aktrisa olmağına baxmayaraq 4-5 dənə övladı olardı, o qədər uşaq sevən idi. Əcəl imkan vermədi. Axırda onu deyirdi ki, “balamı qoyub gedə bilmirəm, kaş özümlə apara bilsəydim”. Dedim ki, “ay qızım, duracaqsan ayağa”, dedi “yox, artıq keçib, Allahla barışın”.