DGK məsələ ilə bağlı açıqlama versə də, narkotik istifadəçisi olan nə qədər gömrük əməkdaşının işdən çıxarıldığına aydınlıq gətirməmişdi. Mediada isə narkotikə görə gömrükçülərin kütləvi halda işdən qovulduğu yazılırdı.
AZİNFORM.AZ xəbər verir ki, məsələnin həssaslığını nəzərə alaraq Bakupost.az mövzu ilə bağlı bir sıra dəqiqləşdirmələr aparıb.
Əldə etdiyimiz məlumata görə, DGK-nın keçirdiyi tibbi müayinədən sonra həqiqətən də işdən çıxarılanlar olsa da, bu, kütləvi xarakter daşımayıb. Belə ki, müvafiq müayinələrdən sonra DGK-nın 7 əməkdaşının narkotik istifadəçisi olduğu məlum olub. Onlardan 2-si qadındır.
Onu da qeyd edək ki, həmin şəxslər heç də DGK-da yüksək vəzifə tutmurlar. Narkotikə görə işdən çıxarılan 7 nəfər müxtəlif gömrük postlarında çalışan inspektorlardır. Tibbi müayinə nəticəsində narkotik istifadəçiləri olduqları təsdiqlənən həmin 7 nəfərin dərhal ərizələri alınıb və onlar gömrük sistemindən uzaqlaşdırılıblar.