Bakıda 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. İddialara görə, özünü “İmam Mehdi” kimi adlandıran şəxs bir sıra imkanlı şəxsləri öz tilovuna salaraq, onlara “cənnət qəbzləri” vəd edib. Hətta cənnətdən mülk, torpaq almaq üçün ona 200, 300, 500 min manat verənlər də olub.
“İmam Mehdi”nin məhkəmədəki vəkili bildirib ki, Aqil Babayev həbs olunan zaman evindən xeyli miqdarda qızıl, 9 milyon manat pul götürülüb.
Sual olunur, həbs olunana kimi fərdi əməklə məşğul olan şəxsdə bu qədər pul haradandır?
Məhkəmə prosesində zərərçəkmişlərdən biri deyib ki, 16 yaşından Aqil Babayevə “imam” kimi itaət edib, onun “qul”u olub. Hətta zərərçəkmişlərdən daha bir neçəsi evini sataraq ona verdiyini deyib. Redaksiyamıza daxil olan məlumata görə, cənnətdən mülk almaq üçün İmam Mehdiyə öz həyat yoldaşlarını “hədiyyə” edənlər də mövcuddur.
Məlumata görə, Aqil Babayev ümumilikdə 2 milyon 500 min manat miqdarında zərərçəkmişlərə ziyan vurub.
Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb.
İddialara görə, topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb.
Bəs insanların, özü də təhsilli, imkanlı şəxslərin 21-ci əsrdə bu cür dələduzlara inanmasının, hətta zövcələrinin “imam Mehdi”lərə “hədiyyə” etmələrinin kökündə nələr dayanır? İnsanların dini inancları niyə aşınmaya məruz qalır?
İlahiyyatçı Elşad Miri Publika.az-a açıqlamasında bildirib ki, Qurani-Kərimdə Mehdi anlayışı yoxdur:
“Baxın Qurani-Kərimə, görün, həqiqətən orada Mehdi, ona inam anlayışı varmı? Belə bir şəxsin göndəriləcəyi də müqəddəs kitabımızda yoxdur. Ümumiyyətlə, Quranda Mehdi adı keçmir. Bunların heç biri Qurani-Kərimdə yoxdur. O zaman sual ortaya çıxır, şiəlikdə və sünilikdə də olan Mehdi inancı haradan qaynaqlanır?! Zərdüştçülükdə də, yəhudilikdə də kiminsə gələcəyi ilə bağlı bir gözlənti var. Amma hər birində bu fərqlidir. Allah bizə prinsiplərlə yaşamağı öyrədir. Ona görə də Allah-təala kimisə yox, nəyisə – Qurani Kərimi göndərib. Bildirir ki, buna uyğun olaraq yaşa! Allah öz bəndələrinə deyir ki, mən sizi bu kitabdan sorğu-suala tutacağam”.
İlahiyyatçının fikrincə, əgər bizim müqəddəs kitabımızda bu inam, bu anlayış yoxdursa, insanlarımız bu kimi xurafatlara da inanmamalıdırlar:
“Mütəfəkkirlərdən biri deyirdi ki, Mehdilik bizim tənbəlliyimizin adıdır. Faktiki olaraq, bu “mənim gücüm çatmır, gör atam gələndə nə edəcəyəm” yanaşmasına oxşayır. Yəni, biz öz biliyimiz, öz gücümüzlə heç nəyə nail ola bilmirik, amma inanırıq ki, Mehdi gəlib müsəlmanları ortalığa çıxaracaq. Əgər Mehdi sünnilərdən gəlsə, onu şiələr qəbul etməyəcək. Şiələrdən gəlsə, o zaman digərləri tərəfindən qəbul olunmayacaq. Bir sözlə, Mehdi anlayışı absurd, əsası olmayan bir məsələdir. Təəssüflər olsun ki, insanlar dini bu cür yanlış yöndən öyrənirlər. Bu gün İranın özündə orta məktəblərdə Mehdiyə inam məsələsi aşılanır. Ona görə də bu xurafatı insanların beynindən çıxarmaq asan deyil. Qurani-Kərimi əsas götürən insanlar görəcəklər ki, orada belə bir anlayış yoxdur. Əgər bunu başa düşsələr, o zaman kiminsə hansısa fırıldaqçılar tərəfindən aldadılmasına ehtiyac qalmayacaq. Mehdiyə inananlar da imkanlıya, imkansıza baxmır. İmkanlı da, imkansız da Mehdiyə inanır. Bir insan imkanlıdırsa, bu o demək deyil ki, həmin şəxs zəka fışqırır və ya o, Eynşteyndir. Hansısa formada var-dövlət əldə ediblər. Bu cür halların qarşısını almaq, 21-ci əsrdə insanların bu cür fırıldaqçıların tilovuna düşməmək üçün onları Qurani-Kərimə dəvət etməliyik. Quranda bunun olmadığını göstərmək lazımdır. Bu gün dini komitədə sorğu keçirin, görün Mehdiyə inanmayan neçə nəfər ilahiyyatçı var?! Nəinki fırıldaqçılara inanan imkanlılar, hətta dini komitənin ilahiyyatçıları da bu vəziyyətdədir. Bu cür nağıllara inanan məmurların da sayı kifayət qədərdir”.