“Cılız, aşağı mənəvi keyfiyyət...” - Bilal Əliyevin “TikTok” söyüşlərinə REAKSİYA
19-08-2022, 20:30

Xalq artisti Bilal Əliyevin son günlər “TikTok” sosial şəbəkəsində canlı yayım zamanı izləyicilərini təhqir etməsi müzakirə yaradıb. Mədəniyyət nümayəndəsinə bu cür davranışı yaraşdırmayanlar Xalq artistini ciddi qınayır, tənqid edirlər.

AZİNFORM.AZ xəbər verir ki, Əməkdar Mədəniyyət işçisi, tanınmış jurnalist Rəşad Məcid Xalq artistinin etik normaları pozmasına münasibət bildirib:

“Ümumiyyətlə, sosial şəbəkələr ictimai məkandır, burada söyüşdən, vulqarizmdən istifadə etmək məqbul deyil, olmaz. Bir çoxu sosial şəbəkənin sosial məkan olduğunu, ətrafda onu dinləyənləri hiss etmir, bir anlıq ona elə gəlir ki, təkdir, nə istəsə, danışa bilər. Tanınmış ictimaiyyət adamları buna yol verəndə isə lap böyük günahdır. Xalq artisti Bilal Əliyevin təhqir, söyüş kimi ifadələrdən istifadə etməsi gənclərimiz, yeni nəsil, ümumiyyətlə sosial şəbəkə istifadəçiləri üçün çox pis ənənədir. Bunun qarşısını almaq lazımdır. Ən birincisi ictimai qınaq yolu ilə... Sosial şəbəkə istifadəçiləri arasında Azərbaycanı düşünən, ağıllı kəsimin üzvləri ictimai qınaqla belə halların qarşısını almağa çalışmalıdırlar. Əvvəla, gərək söyüşə imkan yaradacaq hərəkətlərə yol verilməsin. Sonuncu dəfə söyüşlə bağlı yazmışdım ki, stadionda futbol oyunu zamanı belə, kimlərinsə söyüş söyməsi məqbul deyil. Sosial şəbəkə stadion deyil axı. Heç küçə də, tək olduğun məkan da deyil. Söyüş söyürsənsə, bu, sənin cılız, aşağı mənəvi keyfiyyətinin göstəricisidir. Xalq atistinə, tanınmış insanlara bu cür davranış sərgiləmək yaraşmaz”.

R.Məcid deyib ki, o, ümumiyyətlə “TikTok”dan istifadə etmir: “Hərdən “Facebook”da “TikTok” videoları qarşıma çıxır. “TikTok”u ən zərərli sosial şəbəkə adlandırmışdım. Hesab edirəm, lağlağı, gəvəzəlik, yüngüllük, şitlik nümayiş olunan bir platformadır. Ciddi adamların “TikTok”da olması, məncə, normal deyil. Bəziləri əsaslandırır ki, hansısa məqamlarda bu sosial şəbəkə platforması jurnalistlərin işi üçün sərfəlidir. Buna baxmayaraq, yenə də “TikTok”u zərərli kampaniya hesab edirəm”.  /pravda.az/





up