“Bir sahədə bir məmur rüşvətxordur, digərləri aydan arı, sudan durudur”
2-08-2022, 19:06

“Ümumiyyətlə, heç bir məmurun həbsinə, əmlakının əlindən alınmasına sevinmirəm. Bu gün də bir məmurun əmlakının ona qaytarılmasına etiraz edə bilmərəm. Yəqin ki, müəyyən araşdırmalar aparılıb, motivlər müəyyənləşdirilib, qərarla həmin insanın günahsızlığı müəyyən olunub və ya digər səbəbdən onun əmlakı geri qaytarılıb, həbsdən azad edilib. Məmurların həbs edilib sonradan azadlığa buraxılması normal məsələdir. Ola bilsin, hər hansı məmur həbs olunandan sonra vurduğu ziyanı ödəyir. Yəqin, qanunvericilik səviyyəsində müəyyən məsələlər nəzərə alınır və azadlığa buraxılır. Burada məsələ insanların kütləvi həbsini həyata keçirmək olmamalıdır. Maliyyə aministiyasının tərəfdarıyam. Bir məmurun oğurluq, korrupsiya halları baş veribsə, bununla bağlı müəyyən addımlar atılıb, həbslər həyata keçirilib. Ümumilikdə, “bir sahədə bir məmur rüşvətxordur, digərləri aydan arı, sudan durudur” demək də ədalətsizlik olar. Bu baxımdan, hesab edirəm, ümumi yanaşma olmalıdır”.

Bu sözləri AZİNFORM.AZ-a Milli Məclisin deputatı Razi Nurullayev Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və onunla birgə tutulan digər sabiq vəzifəli şəxslərin həbs müddətinin azaldılması barədə danışarkən deyib.

Deputat bildirib ki, tək-tək insanların hədəf alınması, həbsə atılması, əmlakının əlindən alınması çıxış yolu deyil:

“Çünki bu yanaşmadan baxsaq, onda gərək Azərbaycanda məmurların 30-40%-i həbs oluna. Buna da yol vermək olmaz, çıxış yolu deyil. Cənab Prezident tərəfindən də səsləndirilib ki, rüşvətxorluğa və korrupsiyaya yol vermək olmaz. Prezidentin xəbərdarlığına rəğmən, bunları kim həyata keçirirsə, qoy onlar cəzalandırılsınlar. Məsələyə bu prizmadan yanaşılmalıdır. Zamanında Azərbaycanda idarəçilik mexanizmləri fərqli olub, korrupsiya və rüşvətxorluqla mübarizəyə məsul olan şəxslər işi düzgün icra etməyiblər, ya da özləri şərait yaradıblar. Ona görə də bu məsələlərə yenidən baxmaq lazımdır. Ümumiyyətlə, vəzifəli şəxslərin topladıqları rüşvətin və digər qeyri-qanuni pulların qanuniləşdirilməsi vacibdir ki, Azərbaycan xalqına və dövlətinə xidmət etsin. Bunun yeganə yolu maliyyə aministiyasıdır. Nəticədə hər kəs pulunu öz sandığından çıxartsın, bilsin ki, o, təqib edilməyəcək, qınanmayacaq, həbs edilməyəcək, əmlakı əlindən alınmayacaq. Bəlkə də, bu gün dırnaqarası həbsdə olan, bir çoxlarının qorxusundan üzə çıxarmadığı pulların məbləği hələ mənim bildiyim minimum 7-8 milyard, hətta 10 milyarda yaxındır. Bu pullar sandıqdan çıxarılsa, Azərbaycan iqtisadiyyatına yatırılar. Bu da iqtisadi inkişafımıza töhfə verər”. /pravda.az/

AZİNFORM.AZ





up