Vəkildən şantaj edənlərlə bağlı SƏRT AÇIQLAMA: “İnsanların həyatına müdaxilə yolverilməzdir”
30-07-2022, 12:13

Sosial şəbəkələr bütün dünyada insan həyatının ayrılmaz hissəsinə çevrilib. Siyasi mübarizədə sosial şəbəkələr qəzetləri, onlayn medianı çoxdan üstələyib. İdeoloji silaha çevrilən sosial şəbəkələrdə əksər hallarda məmurların, iş adamlarının, vətəndaşların təhqir, şantaj olunması, işgüzar nüfuza xələl gətirilməsi ilə bağlı sifarişli yazılara rast gəlinməkdədir. Ötən gün baş prokuror Kamran Əliyev də müsahibəsində reket jurnalistika və şantaja məruz qalan şəxslərlə bağlı fikirlər səsləndirdi. Onlarla mübarizə formasından söhbət açdı, eyni zamanda bir çox sahələrdə hədə-qorxu gəlməklə insanların nüfuzuna xələl gətirən şəxslər barəsində qanunla ciddi tədbirlərin görüldüyünü diqqətə çatdırdı. Bəs, zərərçəkmiş tərəf nüfuzuna xələl gətirən şəxs və ya qurumdan öz haqqını hansı formada tələb edə bilər? 

Bu halların cinayət və inzibati məsuliyyəti barədə vəkil Əziz Qənbərli AZİNFORM.AZ-a açıqlama verib. Vəkil qeyd edib ki, bu hallar ilk olaraq hüquq pozuntusudur:

“Əgər konkret hansısa məqsədlər üçün şəxsin işgüzar nüfuzunu ləkələyən, onun barəsində böhtan, təhqir dolu məlumatlar yayılırsa, bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur və bir neçə il müddətinə azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Qeyd edim ki, əgər yayılmış məlumat şəxsin barəsində həqiqəti əks etdirmirsə, bu böhtan hesab olunur. Həmçinin, bu, kütləvi çıxışlarda, kütləvi nümayiş olunan əsərlərdə də olursa, təbii ki, böhtan xarakteri daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin birinci hissəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İkinci hissədə isə qeyd olunur ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insan şərəf və ləyaqəti ən yüksək qanunumuz olan – Konstitusiya ilə qorunmaqdadır. Qanunvericilikdə şəxsin istər öz ad, soyadı, profili ilə, istərsə də, saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək təhqir etməsinə görə məsuliyyət nəzərdə tutulub”.

Vəkil onu da əlavə edib ki, Azərbaycan qanunvericiliyi kifayət qədər təkmilləşdirilib:

“Qeyd edim ki, Cinayət Məcəlləsinin 182 maddəsi (hədə-qorxu ilə tələbetmə) kifayət qədər ciddi cəza tədbirlərini nəzərdə tutulub. Ümumiyyətlə, onu da qeyd edim ki, zərərçəkmiş şəxslər əllərindəki sübutlarla xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməlidirlər. Çünki Cinayət Məcəlləsində kifayət qədər məsuliyyət və cəza tədbirləri nəzərdə tutulub”.

“Dövlət məmurlarına gəlincə, qeyd edim ki, hər zaman onlara tənqidi çıxışlara dözümlü olmaq tövsiyə olunur. Yəni, dövlət məmurlarına belə bir tövsiyə olunur ki, çalışın mətbuata qarşı dözümlü olun, çünki siz dövləti təmsil edirsiniz. Təbii ki, mətbuat orqanı da mətbuat azadlığından sui-istifadə etməlidir. Ümumiyyətlə, mətbuatda dəqiqləşdirilməmiş məlumatlar yazılmamalıdır. Vəzifəli şəxs olmasına baxmayaraq, hər bir şəxsin şərəf və ləyaqəti var. Yəni, insanların həyatına müdaxilə nə olur-olsun yolverilməzdir. Ona görə də, hər bir şəxs bu məsələdə diqqətli olmalıdır”. /demokrat.az/





up