Deputat: ""Komedixana"nı izləyirəm və çox bəyənirəm"
19-07-2022, 16:21

"Hər kəs gülməli verilişlərə baxıb əylənmək istəyir. Mən də əvvəllər Azərbaycan televiziyalarında olan gülməli verilişlərə baxmağa çalışırdım, amma gülməyim gəlmirdi. Ona görə də, o cür verilişlər uzun müddət davam edə bilmirdi”. 
Bu sözləri AZİNFORM.AZ-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev efirlərdəki komediya verilişləri haqda danışarkən deyib. 
O deputat Etibar Əliyevin "Xəzər TV"də yayımlanan "Komedixana” verilişi haqqında tənqidi fikirlərinə də münasibət bildirib:
"Son zamanlar, məncə, bizim həm televiziya verilişlərimizdə, həm də komedixanalarda kifayət qədər irəliləyiş var. "Xəzər TV"də olan "Komedixana”nı da deyim ki, televiziyadan izləyirəm, yalan olar, amma "Youtube”, "Tik-tok”, "Instagram”da qarşıma çıxır. Orada müəyyən parçaları izləmişəm və açığı xoşuma gəlib. Orada bir artist var, adı Ənvərdir. O, bir vaxtlar serialda çəkilirdi, orada rus qızı ilə yaşayırdı, həm də həyat yoldaşı var idi. O epizodlar qarşıma çıxırdı və çox gülürdüm. "Komedixana”da bir xanım da var, o da məni güldürür. Yəni, mən baxıram və xoşuma gəlir. İndi ola bilər ki, Etibar müəllimin tələb səviyyəsi daha yüksəkdir. Ola bilər, insanların baxışları fərqlidir”.
Razi Nurullayev qeyd edib ki, verilişlər əvvəl daha yaxşı olur, sonra səviyyəsi bir az aşağı düşür:
"İndi söz açılmışkən bunu da deyim, əvvəllər bir veriliş də var idi, Fəlakət, Şəmi olan "Bozbash Pictures” ona da baxırdım. Mənə elə gəlir ki, bizdə komediyaların və bu cür verilişlərin mənfisi onda olur ki, "planka”nı saxlamaqda çətinlik çəkirlər. Bəlkə də, maliyyə durumu ilə bağlıdır, ya resursları azdır. Əvvəl çox gözəl olur, sonra get-get zəifləyir. Elə bil səviyyəsi bir az aşağı düşür. Məsələn, "Bozbash Pictures” də əvvəl gözəl idi, sonradan yavaş-yavaş elə bil ki, bir az yıprandı. İndi bilmirəm, davam edir, yoxsa yox. Bir mərhələ var ki, Azərbaycanda da bu mərhələlər keçməlidir. "Komedixana”dan da hesab edirəm ki, növbəti dəfə daha yaxşısını ortaya çıxaracaqlar.
Yəni, inkişaf gedir, o baxımdan dəstək olmaq lazımdır ki, daha yaxşı inkişaf edə bilsinlər. Tənqid də lazımdır, amma öymək də lazımdır. Mən düşünürəm ki, hələ ki, dəstək vermək lazımdır ki, daha yaxşı komediyalar hazırlasınlar”, - deyə deputat əlavə edib. /azxeber.com/




up