Siz deyin fədakarlıq, biz deyək peşəkarlıq, əzm və insanlıq!
Azərbaycan polisi bu dəfə yenə bizi qürurlandırdı. İyunun 8-də çəkilmiş video-görüntü bu gün sosial şəbəkələrin sözün əsl mənasında ən çox izlənilən xəbərinə çevrildi.
Əlahiddə Çevik Polis Alayının altıncı patrul bölüyünün polis nəfəri, polis serjantı Rəşad Abdulov 18 ildir xidmət başındadır. Onları daha yaxından tanıyaq.
“İyun ayının 8-i Həsən bəy Zərdabi küçəsində xidməti vəzifəmizi yerinə yetirərkən, “KİA” markalı nəqliyyat vasitəsinin sürücüsü yolda iki dəfə maşını dayandırdı. Hiss etdik ki, sürücü huşsuz vəziyyətdədir. Dərhal xidməti maşınımızı saxlayıb yolda hərəkətdə olan maşının arxasınca qaçdım. Ona ilk tibbi yardım göstərdik və yaxınlıqdakı xəstəxanaya yerləşdirdik” – deyə, polis nəfər i qeyd edib.
Rəşad Abdulov deyir ki, xidmət etdiyi 18 illik fəaliyyəti dövründə belə çətin anlar olub. Amma bu dəfə o, öz həyatını belə düşünmədən magistral yola çıxaraq, tanımadığı bir şəxsi xilas edib: “Sürücünü xəstəxanaya yerləşdirdik. Gözlədik, vəziyyəti yaxşılaşdı və xəstəxanadan ayrıldıq”.
Əlahiddə Çevik Polis Alayının altıncı patrul bölüyünün polis nəfəri, polis baş serjantı Rüfət Kərimov da Rəşadla eyni gündə və eyni yerdə xidməti vəzifəsini yerinə yetirən fədakar oğullardandır: “Biz sürücünün yanına yaxınlaşanda o, huşsuz vəziyyətdə idi və sükanı artıq əlindən buraxmışdı. Bu an Rəşad cəld tərpənib maşınımızı saxlayıb, həmin maşının arxasınca qaçdı. Mən də yaxınlaşdım, ilk yardımı etdik. Onu xəstəxanaya yerləşdirdik. Vətəndaş özünə gələn kimi, maşınımı kim saxladı? Necə oldu deyə sual verdi. Təşəkkür etdi. Borcumuzdur, vətəndaşın yanında olub ona yardım edib, nəvaziş göstərək”.
İlk dəfədir sükan arxasında köməksiz vəziyyətdə qalan sürücüyə kömək etdiyini dilə gətirən Rüfət Kərimov deyir ki, fədakarlıq həm də ürək işidir: “İlk dəfədir belə bir hadisə ilə qarşılaşdım. Əslində köməksiz insanlara kömək etmişik. Amma sürücü belə vəziyyətdə qarşıma çıxmamışdı”. Peşəsini vicdanla yerinə yetirən Azərbaycan polisi, sizə eşq olsun!
APA TV-nin süjetini təqdim edirik: