AZİNFORM.AZ İsi Məlikzadənin "Evin kişisi" povesti əsasında çəkilən eyniadlı filmi təqdim edir.
Süjet: Hadisələr bir rayonda baş verir. Əsərin qəhrəmanı Qaçay gəncdir, milis orqanlarında işləyir. Onun bacısı Ağca, hamının fikrincə yaşı keçmiş, qarımış qızdır. Atası Mikayıl görmə qabiliyyətini itirsə də, gözəl səbətlər toxuyur. Anası Cəvahirin ən böyük arzusu qızını ərə verməkdir. Qaçay hələ əsgər getməmişdən öncə qonşu qızı Əntiqəni sevirdi. Və hərbi xidmətə yola düşəndə o, Əntiqənin ağzını aramış, qızın onu sevdiyinə əmin olmuşdu. Əntiqə də onu gözləyəcəyini demişdi. Ancaq Qaçay əsgərlikdə olanda qonşu Pənah onu zorla qaçırır və üç gün sonra geri qaytarır. Pənah rayonda bütün ticarət işlərinə rəhbərlik edən Baxışın oğludur. O, atasının hesabına lüks həyat yaşayan təkəbbürlü biridir. Baş verənlərə baxmayaraq Qaçay Əntiqəni hələ də sevir. Anası isə onu evində gəlin kimi görmək istəməsə də, sonucda Qaçayın fikri ilə razılaşır.
Bir gün anası Ağcaya elçi gəldiyini Qaçaya deyir. Anası təkid edir ki, nə olursa-olsun, qızının cehizləri arasında "importnı" mebel də olmalıdır. "İmportnı" mebel tapmaq isə çətindir. Ona görə çarəsiz qalan Qaçay Baxışın yanına gedir. Baxış Qaçaya söz verir ki, mebel gələn kimi ona birini saxlayacaq. Ancaq Qaçayın mebel almağa pulu yoxdur. O, çox götür-qoy edəndən sonra rəisi Sahibovdan pul borc alır. Evə gələndə isə anası Ağcanın sevgilisiylə qaçdığını deyir...
İsi Məlikzadə əsərdə həm nəqlçidir, amma oxucu əhvalatı həm də Qaçayın gözüylə oxuyur. Müəllif milli adətlərdəki mühafizəkarlığı xüsusi qabartmır, o, qəhrəmanın daxili dünyasında yumşaqca gəzişərək problemi onun düşüncələrinin, konkret vəziyyətlərinin kontekstində açır. Qaçay ziddiyyətli fikirlər arasında qalır. O, bir tərəfdən anasının cehiz tutqusu ilə barışa bilmir, düşüncə etibarilə liberaldır, ənənəni sorğulayan qəhrəmandır. Digər tərəfdən isə anasının iradəsinin əleyhinə gedə bilmir.
Filmi 1978-ci ildə Tofiq Tağızadə ekranlaşdırıb. Ssenarini İsi Məlikzadə yazıb. Əsər ekrana dəyişikliklərlə gətirilsə də, ideyasını, qoyulan problemləri rejissor əks etdirməyə çalışıb. Əlbəttə ki, əsas məsələ rejissorun bədii tapşırığı necə yerinə yetirməsidir. "Evin kişisi" Tofiq Tağızadənin "Yeddi oğul istərəm", "Uzaq sahillərdə", "Dədə Qorqud" filmləri kimi məşhurlaşmadı. Bunda filmin bədii keyfiyyəti, rejissor işindəki qüsurlar rol oynayıb. Ssenari olduğu kimi lentə köçürülüb. Ayrı-ayrı vəziyyətlərin təsvirinin həlli üçün uyğun ifadə vasitələri seçilməyib. Təhkiyənin emosiya qatı işlənməyib. Keyfiyyətsiz operator işi də filmin atmosferinə mənfi təsir göstərib. Təsvirlər dərin yox, səthidir, emosional effekti yoxdur, sıradan, teleestetik rakurslar çoxdur. Ümumiyyətlə, vizual təhkiyə demək olar ki, yox dərəcəsindədir.
Film Rövşənin (Qaçay adı dəyişdirilib. Rolu Fərhad İsrafilov ifa edir) əsgərlikdən qayıtmasıyla başlayır və bu səhnə emosiyasız, tələsik işlənib. Rövşən əsgərlikdən gələn gün, ana (Barat Şəkinskaya) onunla qucaqlaşıb hal-əhval tutmadan, dincəlməyinə macal vermədən evin kişisi kimi oğlunun ailə üçün məsuliyyət daşıdığını, bacısı üçün cehiz almağın vacibliyini deyir. Rejissor ananın belə bir münasibəti üçün dramaturji zərurət yaratmır.
Bədii mətndə Pənah Əntiqəni zorla qaçıraraq üç gün sonra qaytarır. Filmdə isə Əntiqə (Elza Beaşimova) məktəbi bitirib, imtahan vermək üçün Bakıya yola düşür. Burda o, həmkəndlisi Pənahla (Ömür Nağıyev) rastlaşır. Pənah imtahandan kəsilən Əntiqəni qaldığı otelə aparır, o, qızı inandırır ki, tanış professoru vasitəsilə onun instituta qəbul olunmasına kömək edəcək. Otel otağında Əntiqəyə şərab içirərək onu zorlayır. Sonra Pənah onunla evlənmək istədiyini deyir. Əntiqə onun təklifini rədd eləyir, kəndə geri dönür. Povestdən fərqli olaraq, ekran əsərində Rövşən məsələni bilmir və Əntiqəylə görüşmək istəsə də, qız ondan qaçır. Bacısı Səyyad (əsərdə Ağca. Rolu Sevil Rəsulova oynayır) isə yaşı ötmüş qız obrazında verilməyib. Pənahın atasının obrazı filmdə yoxdur. Mikayıl, rəis Sahibov obrazlarına isə rejissor diqqət ayırmır.
Cəvahiri isə qızı Ağcanın hissləri, nə istədiyi maraqlandırmır. O düşünür ki, möhkəm, xoşbəxt ailənin təməli daha çox yaxşı cehizin üzərində qurulur. Ancaq bu da filmdə ötəri epizod kimi keçir.
Bütün hallarda sonda gənclər adət-ənənəyə, mentallığa yox deyir. Səyyad və nişanlısı (Əliabbas Qədirov) adət-ənənələrə qarşı gedərək sadə nikahla kifayətlənirlər.
"Evin kişisi" operator Kənan Məmmədovun kinoda ilk işidir.
AZİNFORM.AZ