“Boşanma hallarına cəmiyyətdə baxış birmənalı deyil. Ümumiyyətlə, hər hansı ailənin dağılması cəmiyyət üçün çox ağır bir haldır. Bu tək bir ailənin deyil, cəmiyyətin probleminə çevrilir. Digər tərəfdən də heç bir ailə başçısı, istər qadın olsun, istərsə də kişi istəməz ki, ailəsi dağılsın. Ailənin dağılmasının bir çox səbəbləri var. Çox vaxt məhkəmələrdə bunu xarakter uyğunsuzluğu şəklində qeyd edirlər. Bu səbəbin arxasında isə çox şey gizlənir. Belə ki, ailələrin sonsuzluq, işsizlik problemləri olur, əksər vaxt isə gənc ailələr buna dözmürlər. Başqa səbəblər içərisində ailədə kişinin narkotik, yaxud da içki aludəçisi olmasıdır. Bunlar da ailələrin dağılmasına səbəb olur. Boşanmalara bu kimi çox səbəb gətirmək olar”.
Bunu AZİNFORM.AZ-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Deputat qeyd edib ki, gənc ailələr arasında boşanma hallarında daha çox təsadüf edilir: “Belə ailələrdə olan boşanmalar səbirsizlik, dözümsüzlük, bir-birnə güzəştə getməmə səbəbləri ilə də bağlı ola bilər. Bəzən bunu müəyyən yaşı həddi ilə əlaqələndirirlər, amma mən belə düşünmürəm, çünki hər şey insanın fərdi yetişməsindən aslıdır. Elə gənc ola bilər ki, o 19-20 yaşında həyatı dərk edir və bu yaşda ailə qururaraq uzun müddətli gözəl ailəyə sahib olur. Amma bəzən elə də olur ki, 25-30 yaşında bir şəxs ailə qurur və onun o yaşda olmasına baxmayaraq, el arasındakı deyimlə desək, hələ ailə üçün yetişməmiş olduğunu görürük. Belə olan halda da ailə dağıla bilir.”
Deputat boşanmış qadınların cəmiyyətdə kişilərə nisbətdə daha çox təzyiqlərə məruz qalması məsələsinə də münasibət bildirib: “Müxtəlif yanaşmalar olur. Adətən hansısa bir söz deyildikdə onun arxasında nəsə durur. Bəzi hallarda birinci ailəsindən uşağı olan qadın ailə həyatı qurursa, ögey ata tərəfindən birinci nikahdan olan uşağa qarşı başqa yanaşma olur, neqativ hallara rast gəlinir. Hərənin öz baxış bucağı var. Bəzən qadın ailə qurur, ilk nikahda övladı olmur, ikinci dəfə ailə həyatı qurduqda isə hər iki tərəfin ayrı-ayrılıqda uşaqları dünyaya gəlir. Ailə qurmaq hər kəsin hüququdur. Bəzən görürsən ki, ailədə uşaqlar artıq müəyyən bir yaşdadırlar, qadın yenidən ailə qurur. Pis baxmıram, çünki şəxsi həyatıdır. Amma subyektiv fikrim belədir ki, ailədə uşaq varsa, ana öz həyatını övladına sərf etsə, daha yaxşı olar. Ana təkdir, övladını tək böyüdə bilməz, evdə kişi olmalıdır və s. kimi problemlərin olmaması üçün isə qızlarımızın ali təhsil alması, peşəyə yiyələnməsi üçün çalışmalıyıq. Məcbur deyil ki, qadınlarımızın hamısı ali savadlı olsun. Əlbəttə, qadın ali təhsilli olarsa, daha yaxşıdır, ancaq ali təhsili yoxdursa belə, o, hansısa peşəyə yiyələnə bilər. Məsələn, şirniyyatçı, gözəllik salonunda usta, dərzi ola bilər. Peşələr çoxdur. Qız övladlarımızın təhsilli, müəyyən peşəyə sahib olmasına çalışmalıyıq, çünki sabah başına hansı hadisənin gəlməsi ilə bağlı sığortalanmayıb. Yalnız boşanma deyil, qadın gənc yaşlarına ailə başçısını itirə bilər və yaxud da başqa problemlərlə üzləşə bilər. Belə olduğu halda isə onun ayaq üstə durmağı bacarması üçün ya təhsili olmalı, ya da müəyyən peşəyə sahib olmalıdır ki, əməyi ilə işləsin, ailəsini saxlasın, övladını böyütsün. O vaxtlar da tək qalan qadınlarımız olub, məsələn ikinci dünya müharibəsində tək qalan qadınlarımız ikinci dəfə ailə qurmadılar, həyatlarını övladlarına həsr etdilər, böyütdülər vətənə, dövlətə layiqli vətəndaş olmasına çalışdılar. Azərbaycan xalqının mentaliteti həmişə belə olub. Bu məsələlərə hər kəsin bir yanaşması olur, amma bu, subyektiv fikrimdir. İkinci dəfə ailə quran qadınlara da pis baxmıram. Bunun müxtəlif səbəbləri ola bilər. Amma hər halda qadınlarmız, xüsusilə də uşağı olan qadınlarımız ikinci dəfə ailə qurursa, övladlarına münasibətdə dəyişməməli və öz övladlarını atmamalıdırlar. Çox təəssüf ki, biz ikinci dəfə ailə quran və birinci nikahdan olan övladından imtina edən, yaxud da onunla maraqlanmayan qadınlara təsadüf edirik. Elə qadınlara da rast gəlinir ki, övladına vaxt sərf etməyə zaman tapmır. Bu isə, əlbəttə ki, həmin uşağın psixoloji travma almasına səbəb olur və gələcəkdə də həyatında neqativ halların olmasına gətirib çıxarır”.