“Azərbaycan Prezidenti İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklikləri təsdiq edib. Qanuna edilən dəyişiklik pensiyaya əlçatanlığın daha da artırılması baxımdan vacib hesab olunur. Dəyişikliyə görə beş və daha çox uşaq dünyaya gətirən analar ilə yanaşı uşaqları övladlığa və ya qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə edib böyüdən qadınlar da 5 il daha tez pensiyaya çıxa biləcəklər”.
Bu barədə AZİNFORM.AZ-a açıqlamasında millət vəkili Vüqar bayramov bildirib. Onun sözlərinə görə, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum olunduğuna görə 5 və daha çox uşağı, eləcə də sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan, yəni təkbaşına səkkiz yaşınadək böyüdən atalar da tez pensiyaya çıxmaq hüququ əldə edəcəklər: “Bu o deməkdir ki, yeni dəyişikliklər ilə daha tez pensiyaya çıxma kateqoriyası genişləndirilir. Digər dəyişikliklərə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ən azı 12 il 6 ay çalışan kişilər və azı 10 il çalışan qadınlar da 5 il daha tez pensiyaya çıxmaq hüququ qazanacaqlar. Pensiyaya tez çıxmaq hüququ digər bir sıra şəxslər ilə müqayisədə də dəyişir. Belə ki, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda 20 il daha tez pensiyaya çıxa biləcəklər. Eyni zamanda, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxsərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda pensiyaya çıxma yaş həddi 15 il azaldılacaq”.
Millət vəkili əlavə edib ki, vacib dəyişikliklərdən biri də ailə üzvlərinin birinin dünyasının dəyişməsinə görə pensiyaların hesablanması qaydası ilə bağlıdır: “Ailə üzvlərindən biri, ailə başçısının qulluq stajına görə əlavə təyin olunan yoldaşı və övladları istisna olmaqla, öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud ailə başçısını itirməyə görə müavinət istisna olmaqla sosial müavinəti aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği bu hüququ olan digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Bu isə həmin şəxslərin əmək pensiyalarının yenidən hesablanması yolu ilə artmasına səbəb olacaq. Eyni zamanda, vəfat etmiş ailə başçısının dünyasını dəyişdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq. Bu dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, əvvəlki qanunvericiliyə əsasən, yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürülmür. Təsdiq edilən dəyişikliklərə əsasən, ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs digər növ əmək pensiyasını və ya sosial müavinəti seçdikdə, ona hesablanan pensiya məbləği belə hüququ olan digər ailə üzvləri arasında bölüşdürüləcək və bu da onların gəlirlərinin artmasına səbəb olacaq”.