Pandemiya dövründə gigiyena qaydalarına görə onlayn ödənişlər əhali arasında üstünlük təşkil edib. Bəs onlayn ödəniş zamanı şəxsi təhlükəsizliyimizi necə təmin etməliyik?
Məsələ ilə bağlı AZİNFORM.AZ saytına IT üzrə mütəxəssis Bəhruz Əliyev açıqlama verib.
O bildirib ki, kartla ödəniş zamanı şəxsi təhlükəsizliyimizin qorunması və öncəlik tədbirləri barədə bütün banklar kifayət qədər öz rəsmi saytlarında məlumatlar yerləşdiriblər:
"Bəzən banklar SMS ilə müəyyən informasiyalar verərək, istifadəçi məlumatlılığını artırmaq üçün çalışırlar. Yanaşı olaraq, öz mobil aplikasiyalarında mütamadi bildirişlərlə bu tendensiyanın davamını həyata keçirirlər. Əsas təhlükəsizlik hər birimizin fərdi yanaşmasında formalaşır. Nəğd pulun oğurlanmaması üçün, insanlar müəyyən tədbirlər görürlər. Amma pul kartda olduqda, insanlar pullarının daha etibarlı yerdə olduğunu hesab edirlər. Bəli, bu bir cəhətdən doğrudur, amma oğrular da öz bacarıqlarını artırıblar. O pulu və ya şəxsi məlumatları kartdan necə götürməyin yollarını axtarmaqdan yorulmurlar. Ona görə də öz kartımızı hər kəsin görəcəyi yerdə qoymamalıyıq.
Onlayn ödənişlər zamanı ödənişi etdiyimiz məkanı düzgün seçməliyik. Onlayn ödənişləri parklarda, kafe-restoranlarda, hər hansı ictimai obyektdə etmək məqsədə uyğun sayılmır. Evdəki internet şəbəkənizdən istifadə edərək və ya miminum öz mobil şəbəkəniz üzərindən ödəniş etmək daha məqsədə uyğundur. Mütləq formada bank kartınızda 3D təhlükəsizlik sistemini aktivləşdirmək tövsiyə olunur. 3D təhlükəsizlik sizin hesabınızdan çıxan pulun SMS ilə təsdiqini tələb etdiyi üçün kart məlumatlarınız qismən oğurlansa da, böyük rəqəmli pul çıxarılması çətinləşəcək. Eyni zamanda bankların Applikasiyalarının da mobil telefonda yüklənməsi məsləhətdir ki, hərəkətlərinizi kontrol edə biləsiniz və kartin itdiyi vaxt aplikasiya vasitəsi ilə kartınızı banka zəng etmədən deaktiv edə biləsiniz.
Onlayn ödənişlər mütləq etibarlı İT avadanlıqlar vasitəsi ilə həyata keçirilməlidir. Başqasına aid avadanlıqlarda onlayn ödəniş həyata keçirmək tövsiyə olunmur. Ödəniş zamanı kart məlumatlarının yadda saxlanması ilə bağlı razılıq tələbinə həmişə rədd cavabını verməyimiz uyğun görülür. Əsasən belə hallarda az məlumatlı istifadəçilər özləri də bilmədən yadda saxladıqları informasiya ilə ödəniş edə bilərlər və ya yadda saxladıqları İT resursu hücuma uğrayarsa, məlumatları oğurlana bilər. Ümumiyyətlə oyun, mərc oyunları, bilinməyən mənbədən yüklənən applikasiyalar sizin telefonunuzda varsa, risk faktoru böyükdür və həmin avadanlıqdan onlayn ödəmə tövsiyə olunmur. Dövlət xidmətləri və ödənişlərlə bağlı avadanlıqların təmiz və təhlükəsiz olmasına ciddi riyayət etmək lazımdır. Mənbəyi bilinməyən proqramlar yükləmək düzgün hesab olunmur. İT ilə bağlı istifadəçi savadlılığını daim artırmaq və lazımı mütəxəssislərdən tövsiyə almağı unutmayın. Hər hansı bir hadisə olduqda müvafiq bank və dövlət orqanlarına vaxtında məlumat vermək məsləhətlidir".