Azərbaycandakı apteklərdə satışa çıxarılan dərmanların qiymətləri qonşu Türkiyə və İrandakı preparatlardan bahadır.
AZİNFORM.AZ-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, eyni dərmanların kəskin fərqlə baha satılması vətəndaşları narazı salır.
Məsələn: Ölkəmizdə 75 manata satılan "Qalusmet" preparatı qonşu ölkələrdə 25 manata, 51 manata satılan "Dostinek" 20 manata, 28 manata satılan "Tripliksam" 10 manata, 56 manata satılan "Skin kap aerazol" 20 manata, 193 manata satılan "Zoladeks" isə 58 manata təklif olunur.
Göründüyü kimi, buradakı qiymət fərqi 10-15 faizlə deyil, 200-350 faizlə ölçülür. Üstəlik, bu dərmanlar ölkəmizdə tez-tez rast gəlinən şəkər, təzyiq, ürək və digər xəstəliklərin müalicəsi üçün nəzərdə tutulduğundan, qiymət fərqindən yaranan ödənişlər vətəndaşların büdcəsində ciddi yer tutur.
Əczaçılar da tez-tez vətəndaşların bu qəbildən olan şikayətləri ilə qarşılaşdıqlarını deyirlər. Onlar qiymətlər arasında bu qədər fərqin olmasını isə logistika xərcləri ilə izah edirlər.
Mövzuya münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov hesab edir ki, dərmanların qiymətləri arasındakı bu qədər fərqin olmasının ən başlıca səbəbi adıçəkilən xarici ölkələrin özlərinin dərman istehsalı ilə məşğul olmalarıdır.
Deputatın fikrincə, qiymət fərqindən irəli gələn problemləri həll etmək üçün xüsusi qurum olmalıdır. Bu qurum dərmanların sertifikatlarının alınmasından tutmuş onun qiymətinin tənzimlənməsinə qədər bütün proseslərə nəzarət etməlidir.
Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, idxal edilən dərmanların ölkəmizdəki satış qiymətləri ölkəyə daxil olarkən sahibkarın üzərinə düşən xərcdən 14-40 faiz arasında yuxarı ola bilər. Yəni 5 manata başa gələn dərman maksimim 40 faiz, 100 manatdan baha başa gələn dərman isə 14 faiz baha satıla bilər.