“Aliment verməyən kişilər düşünməlidirlər ki, axı bu mənim övladımdır” - Sədaqət Qəhrəmanova
3-06-2022, 01:33

“Jurnalist həmişə informasiyanı verəndə məqsəd ondan ibarətdir ki, o informasiya oxuyan adamı düşündürsün. Sadəcə məlumat kimi almasın”.

AZİNFORM.AZ xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova media nümayəndələri üçün keçirilən təlimdə deyib. Onun fikrincə, media bir bəd xəbəri işıqlandıranda, digər insanları da buna təşviq etmiş olur:

“Tutalım ki, intihar və ya zorakılıq halları baş verir. Bütün media bar-bar bağırır ki, kimsə özünü asdı, öldürdü, kişi arvadının başını kəsdi, filan eledi. Bunun reklamını edirlər. Məlumatı reklam kimi verirlər, təbliğ edirlər. O situasiyada olan bir insan da qulaq asır, tutalım ki, intihara meyilli bir insandır, intihar haqqında məlumata qulaq asır və düşünür ki, mən də özümü öldürüm, qurtarsın, çıxsın, getsin. Amma biri var ki, bunu elə verirsən ki, “bu adam intihar etdi, amma niyə etdi” deyə sual qoyanda düşünür və fikirləşir ki, mən niyə intihar etməliyəm? Bunun başqa çıxış yolları var”.

Sədr müavini bildirdi ki, jurnalist informasiyanı elə verməlidir ki, düşüncəni dəyişə bilsin:

“Məişət zorakılığı faktı, boşanmalar, ailə problemləri, alimentlə bağlı mövzu o qədər aktualdır ki, mətbuat bunu elə verməlidir ki, aliment verməyən kişilər düşünməlidirlər ki, axı bu övlad mənim övladımdır, bu mənim soyumdur, kökümdür və mən ona niyə baxmamalıyam? Cəmiyyəti nizamlamaqdan ötrü medianın rolu çox böyükdür. Bu mövzular düşündürmək nöqteyi nəzərdən təqdim olunanda, doğurdan da biz insanları maarifləndiririk və düz yola dəvət edirik. Jurnalist adi informasiya verən insana çevrilməməlidir. Cəmiyyətdə düşüncəni, fikri dəyişə bilən bir peşəkara çevrilməlisiniz”. /redaktor.az/

AZİNFORM.AZ





up