Gədəbəyin sabiq deputatı keçmiş icra başçısı haqda: "Başkənd fatehi" deyil!
30-05-2022, 18:18

“Gədəbəyin keçmiş başçısı azadlıqda olduğundan, artıq onun Başkənd əməliyyatındakı rolu haqqında reallığı yazmağınızı, danışmağınızı tövsiyə edirəm... Biz xalq olaraq əksər rəvayətləri reallıq kimi qəbul etməyə alışmışıq!”.

Bu fikirləri Gədəbəyin sabiq deputatı Nazim Bəydəmirli bu rayonun yenicə həbsdən çıxmış keçmiş icra başçısı Saleh Rüstəmli barəsində bildirib.
 

N.Bəydəmirlinin sözlərinə görə, Saleh Rüstəmli həbs olunduğu gündən azad olunana qədər onu tam müdafiə edib, sabiq icra başçısı barəsində "Başkənd fatehi" kimi şişirdilmiş yazılara, danışılanlara tolerant qalıb.

“Fikirləşdim ki, əgər adamı azad etmək üçün AXCP tərəfdarları və məlumatları az olanlar onu "Başkənd əməliyyatını hazırlayan, həyata keçirən və fateh" adlandırırlarsa, qoy yazsınlar, paylaşsınlar və danışsınlar, təki azad olunması üçün şərait yaransın.

Başkənd əməliyyatı Gədəbəy Rayonu İcra Hakimiyyəti səviyyəsində hazırlanan əməliyyat olmayıb, onu hazırlayıb həyata keçirənlərin əksəriyyəti artıq həyatda yoxdurlar, onların haqqını heç kəs başqasının lehinə yazmasın!”,-deyə Nazim Bəydəmirli vurğulayıb.
 

Qeyd edək ki, S.Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub. Sonralar Azərbaycanı tərk edərək Moskvada yaşamağa başlayıb. S.Rüstəmli Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) yaxın şəsxlərdən sayılır.

O, 2018-ci ildə Moskvadan Bakıya gəldikdə həbs olunmuşdu.

S.Rüstəmli Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

S.Rüstəmli 27 may 2022-ci il tarixində imzalanmış əfv sərəncamı ilə azadlığa buraxılıb.

Gədəbəy rayonu ərazisində yerləşən Başkənddə hərbi əməliyyat 1992-ci ilin 8 avqustunda həyata keçirilib.

Azərbaycanın Ordusu erməni silahlılarının cəmləşdiyi kəndə hücum edərək, yaşayış məntəqəsini düşməndən azad edib. Əməliyyat nəticəsində Başkənddə 30-a yaxın erməni silahlısı məhv edilib, xeyli döyüş texnikası sıradan çıxarılıb. 

Sosial şəbəkələrdə və mediada Başkənd əməliyyatına kimin rəhbərlik etməsilə bağlı zaman-zaman mübahisəli məlumatlar yayılıb. Bu qələbədə sabiq icra başçısı Saleh Rüstəmlinin, keçmiş hərbi hissə komandirinin müavini  Dilqəm Əliyevin və digərlərinin adı çəkilir. Başkənd əməliyyatı ilə bağlı müzakirələr daim mübahisələrlə müşayiət olunub. /modern.az/

AZİNFORM.AZ





up