"Güclü zəlzələlər təkcə LƏNKƏRANLA BİTMƏYƏCƏK!" - Seysmoloqdan DƏHŞƏTLİ PROQNOZ
13-05-2024, 20:36

Xəbər verdiyimiz kimi, bir neçə gün Lənkəranda güclü zəlzələ baş verib. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Zəlzələ episentrdə 6 bal, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub. Bu barədə Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatında deyilir.

Eyni gün Lənkəranda ikinci zəlzələ də qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, rayonda 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Təbiət hadisəsi yerli vaxtla saat 20:23-də qeydə alınıb, zəlzələ ocağının dərinliyi 13 kilometr olub. Zəlzələ episentrdə 4, ətraf rayonlarda isə 3 bala qədər hiss edilib. Qeydə alınan zəlzələlər Azərbaycanda seysmik aktivliyin  artdığından xəbər verir.

Başqa hansı ərazilərdə yeni təkanlar qeydə alına bilər?

Yer elmləri üzrə elmlər doktoru, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.

“Mən əvvəlki müsahibələrimdə də qeyd etmişdim ki, 2024-cü ildə Azərbaycanda seysmik və tektonik aktivlik müqayisə olunacaq dərəcədə dəyişəcək. Hətta bunu superaktivlik kimi də qeyd edə bilərik. Ardıcıl olaraq Lənkəranda baş verən zəlzələlər də bir növ bunun təzahürüdür. 2024-cü ildə Azərbaycanda hiss olunan zəlzələlər qaçınılmaz olacaq. Hətta maqnitudaların 4.5-5 və 5.5 arasında olmalıdır. Hiss olunan zəlzələlər təkcə Lənkəranla bitməyəcək. Ardıcıl olaraq biz Azərbaycanda hiss olunan zəlzələləri yenə də hiss edəcəyik. Bu təkcə Azərbaycana aid deyil, bu bütün dünya miqyasında nəzərə çarpacaq. Çünki bu bir dövrilikdir. Biz bu dövriliyi yaşayırıq və bunu müşahidə etməliyik”.

Mütəxəssis bildirib ki, Azərbaycanda bir neçə irimiqyaslı və kiçikmiqyaslı seysmik ocaqlar mövcuddur. Bu ocaqlar bir-biri ilə əlaqədar olduğuna görə, onlardan biri hərəkətə keçdikdə digərlərinə də təsir edə bilir.

“Şamaxı-İsmayıllı, Xəzər dənizinin ocaqları, Şəki, Qəbələ, Oğuz, Quba, Şabran ərazisi hətta Kiçik Qafqazın şimal yamacı – Gəncə ərazisi, Naxçıvan ərazisi ən aktiv zonalar hesab olunur. Bu yaxınlarda Kəlbəcərdə də zəlzələ qeydə alınmışdı. Bunların arasında ən aktivi Xəzər dənizi hesab olunur. Çünki Xəzər dənizi çox mürəkkəb tektonikaya malik bir ərazidir. Burada bir neçə iri və kiçikmiqyaslı seysmik, tektonik pozuntular, qırılmalar mövcuddur. Təbii ki, bir ərazi silkələnirsə, qonşu ərazi də silkələnməlidir. Bu fizika qanunudur və qaçılmazdır”.






up